





“Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma sahəsində qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-nin Məskunlaşma Proqramı ilə birgə həyata keçirilən təşəbbüslər xüsusi önəm daşıyır.
2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. Bu mötəbər tədbir Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcəkdir.”
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
