Azərbaycan

WUF13 Azərbaycan

Dünya Şəhərlər Günü

 

Dünya Şəhərlər Günü hər il 31 oktyabr tarixində keçirilir və Urban Oktyabr (Urban October) tədbirlərinə yekun vurur. Bu gün ilk dəfə 2014-cü ildə qeyd olunmuşdur. Dünya Yaşayış Mühiti Günü (World Habitat Day) kimi, Dünya Şəhərlər Günü də hər il müxtəlif şəhərdə keçirilən qlobal tədbirlə qeyd olunur və hər dəfə müəyyən bir mövzuya həsr edilir. Günün əsas məqsədi urbanizasiya ilə bağlı mövcud meyillər və çağırışlar, habelə dayanıqlı şəhər inkişafına dair baxışlar haqqında beynəlxalq ictimaiyyətin məlumatlılığını artırmaq, beynəlxalq əməkdaşlığı təşviq etmək və cəmiyyət üçün daha yaxşı yaşayış mühiti və həyat keyfiyyəti təmin edən ədalətli, firavan, dayanıqlı və inklüziv şəhərlərin qurulmasına yönəlmiş qlobal səylərə töhfə verməkdir.         

 

Ümumi məlumat        

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 68/239 saylı qətnamə ilə 31 oktyabr tarixini Dünya Şəhərlər Günü elan etmişdir. Bu günün məqsədi beynəlxalq ictimaiyyətin qlobal urbanizasiya məsələlərinə marağını artırmaq, urbanizasiyanın yaratdığı imkanlardan səmərəli istifadə və mövcud çağırışların həlli istiqamətində ölkələr arasında əməkdaşlığı təşviq etmək, eləcə də dünya miqyasında dayanıqlı şəhər inkişafına töhfə verməkdir.                 

Urbanizasiya sosial inklüzivliyin yeni formaları üçün mühüm imkanlar yaradır. Bu imkanlara sosial bərabərliyin artırılması, xidmətlərin əlçatanlığının təmin edilməsi, yeni fürsətlər, habelə şəhərlərin, ölkələrin və qlobal miqyasda mövcud müxtəlifliyi əks etdirən iştirak mexanizmləri daxildir.Lakin əksər hallarda şəhər inkişafı bu şəkildə həyata keçirilmir. Bərabərsizlik və sosial kənarlaşdırma geniş yayılır, bir çox hallarda ölkə üzrə orta göstəriciləri üstələyir və bu, dayanıqlı inkişafın təmin edilməsinə mane olur.  

Urban Oktyabr (Urban October) 2014-cü ildə UN-Habitat tərəfindən dünyada mövcud olan şəhər problemlərinə diqqəti cəlb etmək və beynəlxalq ictimaiyyəti Yeni Şəhər Gündəliyi ətrafında fəal iştiraka təşviq etmək məqsədilə təsis edilmişdir.         

Şəhərləri və yaşayış məntəqələrini inklüziv, təhlükəsiz, dinamik və dayanıqlı etmək məqsədini ifadə edən Dayanıqlı İnkişaf Məqsədi 11 UN-Habitat-ın missiyasının aktuallığını bir daha önə çıxarır. Şəhərlərdə bərabərsizliklər 1980-ci ildən etibarən artmaqdadır; dünyanın ən böyük şəhərləri çox vaxt eyni zamanda ən qeyri-bərabər şəhərlərdir. Bu ilin mövzusu Yeni Şəhər Gündəliyinin fəaliyyət və icrası ilə uzlaşaraq inklüziv şəhərləri şəhər transformasiyasının əsas sütunlarından biri kimi ön plana çıxarır.  

2016-cı ilin oktyabrında Ekvadorun Kito şəhərində keçirilmiş HABITAT III Konfransında şəhərlərin planlaşdırılması, idarə olunması və məskunlaşdırılması məsələlərinin yenidən düşünülməsi yolu ilə dünyanı dayanıqlı şəhər inkişafına istiqamətləndirəcək yeni bir çərçivə sənədi qəbul edilmişdir. Yeni Şəhər Gündəliyi qarşıdakı iki onillikdə urbanizasiyanın çağırışlarının həllinə dair fəaliyyətin tempini müəyyən edəcək və 2015-ci ilin sentyabrında BMT-nin 193 üzv dövləti tərəfindən razılaşdırılmış Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyinin davamı kimi qiymətləndirilir. 

 

Şəhərsalma və qlobal iqlim problemləri

Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatlarına görə bu gün planetin bütün sakinlərinin 55 faizi şəhərlərdə yaşayır. 2050-ci ilədək planetin əhalisinin 75 faizi şəhərliyə çevriləcək. Şəhər sakinlərinin sayının sürətli artımı, həmçinin sənayeləşdirilmə sahəsində yeni imkanların açılmasını vəd edir. Lakin bununla yanaşı, bu şəhərlərin əhalisinin həddən artıq olması, qeyri-bərabərliyin artması və ətraf mühitin çirklənməsi ilə nəticələnəcək. Azərbaycanda əhalinin 52,8 faizi şəhərdə, 47,2 faizi isə kənd yerlərində yaşayır.

BMT başçısı bir müraciətində vurğulayıb ki, şəhərliyə çevrilən yeni sakinlərin yaşayış yerinə ehtiyacı olacaq, bu yaşayış yeri isə hələ tikilməlidir, həmçinin tamamilə yeni şəhərlər salınmalıdır. Bunun hamısı qlobal iqlim böhranının daha da artmasına gətirib çıxarır.

Dünyanın enerji tələbatının üçdə ikisindən və planetimizi isidən parnik qazları emissiyasının 70 faizdən çoxu şəhərlərin payına düşür. Buna görə də şəhər infrastrukturuna toxunan məsələlərdə, o cümlədən şəhər planlaşdırılması, enerji effektivliyi, elektrik enerjisi istehsalı və nəqliyyat məsələlərində yaxın onillikdə qəbul edilən qərarlar bəşəriyyətin gələcəyinə müəyyən təsirini göstərəcək.

İqlim dəyişmələrinə qarşı əsas mübarizə məhz şəhərlərdə aparılır. Şəhərlərin planlaşdırılması və inkişafı üzrə çoxlu velosiped yolları və piyada zonaları, yaşıllıqların nəzərdə tutulduğu yeni strategiyaya keçid məhz parnik qazları emissiyasını kəskin şəkildə azaltmağa imkan yaradacaq. Gələcəyin “yaşıl” şəhərlərdə işıqlandırma, isitmə və soyutma qazıntı şəklində çıxarılan yanacaq hesabına deyil, bərpaolunan enerji mənbələri hesabına təmin ediləcək.

Artıq aşağıkarbonlu dayanıqlı gələcək yoluna çıxmaqdan ötrü icrası vacib olan bir çox məsələlərin həlli vardır: elektriklə işləyən ictimai nəqliyyatdan tutmuş bərpaolunan enerji mənbələri və tullantılardan sərf edilmənin daha təkmilləşdirilmiş üsullarınadək. Bu strategiya artıq bütün dünyanın şəhərlərində həyata keçirilir. 

Xatırladaq ki, 2016-cı ilin oktyabrında Kiotoda şəhərlərin inkişafı Proqramı - urbanizasiya sahəsində bir növ gündəlikdə duran məsələ olan ekoloji cəhətdən dayanıqlı və firavan şəhərlərin tikintisi və inkişafı strategiyası qəbul edilib.

BMT-nin bu yaxınlardakı məruzələrinin birində deyilir ki, hazırda ən çox şəhər Şimali Amerikada yerləşir. Orada şəhər sakinləri əhalinin 82 faizini təşkil edir. Ən az şəhər sakinləri hələ ki, Afrika və Asiyadadır. Lakin artıq 2030-cu ilədək Afrika əhalisinin 47 faizi və Asiya əhalisinin 56 faizi şəhərlərdə yaşayacaq. Avropada isə bu müddətə şəhər sakinlərinin sayı 77 faiz təşkil edəcək.

Bu gün dünyada əhalinin ən sıx yerləşdiyi şəhər aqlomerasiyası 37,2 milyon nəfərlə Tokio hesab edilir. Sonrakı yerləri Dehli (22,7 milyon), Mexiko və Nyu-York (hər ikisi 20,4 milyon), Şanxay (20,2 milyon) və San-Paulu (19,9 milyon) tutur.

 

İnsan mərkəzli ağıllı şəhərlər              

2025-ci il 31 oktyabr tarixində Kolumbiyanın Boqota şəhərində Dünya Şəhərlər Gününün Qlobal qeyd edilməsi “İnsan mərkəzli ağıllı şəhərlər” mövzusu altında keçirilmişdir. Tədbir məlumatlara əsaslanan qərarvermə, texnologiya və süni intellektin şəhər həyatının yaxşılaşdırılmasında, eləcə də mövcud sarsıntılar və böhranlardan bərpa prosesində necə istifadə oluna biləcəyini nümayiş etdirilmişdir. İnsan mərkəzli ağıllı şəhər təşəbbüslərinin təşviqinə xüsusi diqqət yetirilmişdir.          

Tədbirin mövzusu rəqəmsal texnologiyaların transformativ gücünün qlobal miqyasda şəhər həyatını yenidən formalaşdırdığına dair artan məlumatın göstəricisidir və şəhərlərin və yaşayış yerlərinin layihələndirilməsi, planlaşdırılması, idarə edilməsi və yönəldilməsinin təkmilləşdirilməsi üçün mühüm imkanlar təqdim etmişdir. Həm şəhər, həm də rəqəmsal transformasiyalarla səciyyələnən bu dövrdə şəhərlər sakinlər üçün daha keyfiyyətli xidmətlərin göstərilməsi, eləcə də vacib şəhər problemlərinin effektiv şəkildə həll olunması məqsədilə rəqəmsal texnoloji imkanlardan və məlumatlardan getdikcə daha geniş şəkildə istifadə edirlər.     

Yuxarıda sadalanan mövzunun əsas məqsədi insan mərkəzli ağıllı şəhərlərin təşviqi və ağıllı şəhərlərin insan ehtiyaclarını, inklüzivliyi və əlçatanlığı prioritet kimi qəbul etməsinin vacibliyini nümayiş etdirmək olmuşdur. Bununla yanaşı, bu tədbirdə şəhərlərə qlobal miqyasda insan mərkəzli ağıllı şəhər təşəbbüslərinin həyata keçirilməsi üzrə qabaqcıl təcrübələrin, yanaşmaların və strategiyaların mübadiləsi üçün platforma yaradılmış, xüsusilə qlobal mənzil böhranı kimi əsas çağırışların həllinə diqqət yetirilmişdir. Nəhayət, texnologiya və innovasiyanın adekvat mənzilə çıxışın əlçatan edilməsində və şəhər inkişafının sürətləndirilməsində roluna dair qlobal məlumatlılığın artırılması yolu ilə insan mərkəzli ağıllı şəhərlər istiqamətində cəmiyyətin bütün sektorları arasında beynəlxalq əməkdaşlıq və tərəfdaşlığın gücləndirilməsinə nail olunmuşdur. 97 ölkədən 3 000-dən çox iştirakçı Boqotada keçirilən tədbirlərdə iştirak üçün qeydiyyatdan keçmişdir. Dünya üzrə Ümumdünya Şəhərlər Günü çərçivəsində tədbirlər 21 ölkənin 28 şəhərində keçirilmiş və yerli və regional hakimiyyət orqanları, BMT qurumları və tərəfdaşlar tərəfindən təşkil olunan dialoqları, sərgiləri və ictimai təşəbbüsləri əhatə etmişdir.