Azərbaycan

WUF13 Azərbaycan

WUF13 Azərbaycan - şəhərsalma təcrübəsinin beynəlxalq təqdimatı

 

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının 2025-ci ilin mayın 30-da Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilmiş növbəti sessiyası çərçivəsində Azərbaycan ilk dəfə olaraq UN-Habitat İcraiyyə Şurasına üzv seçilib və 2026-cı il mayın 17-22-si BMT-nin qlobal əhəmiyyətli Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) Azərbaycanın ev sahibliyi edəcəyi qərara alınıb.

BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının 2025-ci ilin noyabr ayında Keniyada keçirilən 3-cü sessiyasında 2026-cı ilin 17-22 may tarixlərində Bakıda keçiriləcək WUF13-ün mahiyyəti, hazırlıq prosesi, təşəbbüslər, planlaşdırılan tədbirlər və fəaliyyətlər, eləcə də iştirak və əməkdaşlıq imkanları barədə ətraflı müzakirələr aparılıb. Forum tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Liderlərin Zirvə Görüşünün keçiriləcəyini diqqətə çatdırıb.

 

BMT-Habitat tərəfindən təşkil edilən Forum, davamlı şəhərləşmə problemlərini həll etmək üçün yüksək səviyyəli, açıq və inklüziv bir platformadır. BMT-nin 2001-ci ildə qəbul edilmiş müvafiq qərarına əsasən, şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik, iki ildən bir dünya şəhərlərindən birində keçirilən bu Forum sürətli urbanizasiya və onun şəhərlərin inkişafına təsirini araşdırmaq məqsədilə ən böyük qlobal platformadır.

Dünya Şəhər Forumu (WUF13) davamlı urbanizasiya üzrə aparıcı qlobal konfransdır. WUF 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən bu gün dünyanın üzləşdiyi ən aktual problemlərdən birini - sürətli urbanizasiyanı və onun icmalara, şəhərlərə, iqtisadiyyatlara, iqlim dəyişikliyinə və siyasətlərə təsirini araşdırmaq üçün yaradılmışdır. İlk WUF1 2002-ci ilin aprelin 29-dan – mayın 3-dək Keniyanın Nayrobi şəhərində keçirilmiş və o vaxtdan bəri hər iki ildən bir bütün dünyada keçirilir.

Bu önəmli tədbirin - Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) 2026-cı ilin mayın 17–22-də paytaxtımızda keçirilməsi Azərbaycan hökumətinin şəhərsalma sahəsində apardığı dərin islahatlar, ölkədə uğurla həyata keçirilən genişmiqyaslı layihələr və əldə edilən nailiyyətlər, habelə ölkəmizin bu sahədə qlobal gündəliyə verdiyi töhfələr sayəsində beynəlxalq nüfuzunun ən yüksək səviyyədə olmasının daha bir bariz nümunəsidir!

Bu günlərdə Azərbaycan yenidən dünyanın diqqətini özünə cəlb edəcək. Məzmununa və əhatə dairəsinə görə bu Forum BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP29) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Bu mühüm tədbirin Bakıda təşkili yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayiş etdirir.

Bakı Forumunun əhəmiyyəti “UN-Habitat” və onun tərəfdaşları üçün bir neçə mühüm yubileylə sıx bağlıdır. Belə ki, bu il bir sıra tarixi və rəmzi hadisələrin yubileyləri qeyd olunacaq. 1976-cı ildə keçirilmiş və “UN-Habitat”ın yaradılmasının əsasını qoymuş “Habitat I” konfransının 50 illiyi, 1996-cı ildə İstanbulda təşkil olunmuş “Habitat II” konfransının 30 illiyi, 2016-cı ildə qəbul edilmiş “Yeni Şəhər Gündəliyinin” 10 illiyi məhz 2026-cı ildə tamam olur. Bu yubileylər BMT-nin şəhərsalma sahəsindəki fəaliyyətinin mühüm mərhələlərini və qlobal şəhər inkişafı istiqamətində əldə olunan nailiyyətləri əks etdirir. Hər biri öz növbəsində şəhərsalmanın davamlı inkişafı, insanların həyat səviyyəsinin yüksəldilməsi və ətraf mühitin qorunması üçün strateji əhəmiyyət daşıyır.

WUF13-ün Bakıda keçirilməsi bu mühüm yubileylərin həm beynəlxalq səviyyədə qeyd olunması, həm də Azərbaycanın şəhərsalma sahəsindəki öncül rolunun dünyaya təqdim edilməsi baxımından əlamətdardır. Bu Forum ölkələrə ötən dövrdə əldə olunmuş təcrübələri müzakirə etmək və gələcək üçün yeni, innovativ həllər tapmaq imkanı yaradacaq. Azərbaycan üçün isə WUF13 həm ölkəmizin qlobal şəhərsalma gündəliyindəki mövqeyini möhkəmləndirmək, həm də regionda dayanıqlı və ağıllı şəhərsalma modellərini təşviq etmək üçün əvəzsiz platformadır.

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) regionumuzda ən irimiqyaslı tədbirlərdən biri olacağını əminliklə söyləmək olar. Tədbir çərçivəsində həm Azərbaycan, həm də xarici ölkələrdən maraqlı tərəflər - dövlət rəsmiləri, QHT-lər, bu sahədə fəaliyyət göstərən mütəxəssislər, ekspertlər, özəl sektorların nümayəndələri bir araya gələcək, geniş fikir mübadiləsi apararaq yeni bilik və təcrübə ilə paylaşmaq imkanı əldə edəcəklər.

Qloballaşan dünyada şəhərsalma insan həyatının keyfiyyətini artırmaq, ətraf mühiti qorumaq və iqtisadi inkişafı təmin etmək baxımından əsas prioritetlərdən birinə çevrilib. Şəhərlər sürətlə böyüyür, lakin bu prosesin planlı və dayanıqlı olması gələcək nəsillərin rifahı üçün həyati əhəmiyyət daşıyır. Azərbaycan öz inkişaf strategiyalarında şəhərsalmanı insan mərkəzli, ekoloji və iqtisadi cəhətdən dayanıqlı şəkildə formalaşdırmağa xüsusi önəm verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən şəhərsalma proqramları, müasir infrastruktur layihələri və işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri bu sahədə Azərbaycanı regionun qabaqcıl ölkələrindən birinə çevirib.

Bakı WUF13-ə doğru gedən yolda real nəticələrlə öndədir: yaşıl zonaların genişləndirilməsi, ağıllı şəhər yanaşmaları, COP29 çərçivəsində şəhərsalma üzrə yüksəksəviyyəli görüşlərin təşkili, eləcə də beynəlxalq ekspertlər qruplarında fəal iştirak Azərbaycanın bu sahədə strateji baxışını ortaya qoyur. WUF13 təkcə şəhərsalma mütəxəssisləri üçün deyil, həmçinin iqlim, infrastruktur, texnologiya, kənd təsərrüfatı və insan rifahı sahələrində çalışan bütün qlobal oyunçular üçün gələcəyin şəhərlərinin necə qurulacağına dair yol xəritəsini təqdim edəcək.

Azərbaycan digər sahələrdə olduğu kimi, dünyadakı şəhərsalma çağırışları fonunda da ortaq məqsədlər naminə həmrəylik nümayiş etdirir. Bu baxımdan respublikamızın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) çərçivəsində əməkdaşlığı da böyük önəm daşıyır.

Bu əməkdaşlığın nəticəsində Azərbaycanda ilk dəfə olaraq 2022-ci il oktyabrın 5-6-da BMT-nin Məskunlaşma Proqramı ilə birgə Ağdam və Bakı şəhərlərində 44 ölkədən ümumilikdə 400 nəfər iştirakçının qatıldığı 1-ci Milli Şəhərsalma Forumu təşkil edilib. 2023-cü il sentyabrın 29-da isə BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi baş tutub. 2025-ci ilin oktyabrın 15-də isə Xankəndi şəhərində 3-cü Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib və sonra tədbir paytaxt Bakıda davam etdirilib. 

Bu il Bakının ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu (WUF13) yalnız coğrafi mövqe baxımından deyil, həm də urbanizasiya sahəsində qlobal transformasiyanın mərkəzi kimi strateji əhəmiyyət daşıyır. Forum dünyanın aparıcı şəhərsalma mütəxəssislərinin, siyasətçilərin, ekspertlərin bir araya gələcəyi universal platformaya çevriləcək və gələcək nəsillər üçün innovativ şəhər modellərinin müzakirə olunacağı mühüm dialoq məkanı rolunu oynayacaq.

Son illərdə paytaxt Bakıda həyata keçirilən kompleks abadlıq, infrastruktur və yaşıllaşdırma proqramları Azərbaycanın şəhər planlaşdırılmasına dair uzunmüddətli baxışını əks etdirir. Yeni salınan parklar, bərpa olunmuş ictimai məkanlar və ekoloji baxımdan balanslaşdırılmış şəhər strukturu Bakını dayanıqlı və yaşamaq üçün daha əlverişli məkana çevirir. Bu təşəbbüslər həm də ölkənin WUF13 kimi nüfuzlu tədbirlərə əhəmiyyətli töhfə verməyə tam hazır olduğunu göstərir.

Forumun Bakıda keçirilməsi, eyni zamanda, Azərbaycanın son illərdə şəhərsalma və ərazi bərpası istiqamətində apardığı genişmiqyaslı işlərin beynəlxalq səviyyədə tanınmasına səbəb olacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şəhər konsepsiyaları, xüsusilə də azad edilmiş ərazilərdə sıfırdan inşa olunan ağıllı və ekoloji məntəqələr Azərbaycanın bu sahədə regional lider kimi çıxış etdiyini göstərir.

Azərbaycanda şəhərsalmanın əsasını təşkil edən prinsiplər – əhalinin sosial rifahı, ekoloji tarazlıq və texnoloji yeniliklərin tətbiqi paytaxtın inkişafına yön verilən strateji xəttin mahiyyətini formalaşdırır. Bu baxımdan Bakı yalnız milli səviyyədə deyil, eyni zamanda, beynəlxalq miqyasda da müasir urbanizasiya modelinin öncül simvoluna çevrilir.

WUF13 Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin “UN-Habitat” ilə dərinləşən əməkdaşlığının və qlobal şəhərsalma proseslərində getdikcə artan rolunun təsdiqidir. Bu Forum Azərbaycan üçün təkcə nailiyyətlərini sərgiləmək imkanı deyil, həm də gələcəkdə qlobal iqlim dəyişikliklərinə, şəhər mühitinin idarə edilməsinə və dayanıqlı inkişaf hədəflərinə cavab verəcək yeni beynəlxalq tərəfdaşlıqlar qurmaq baxımından əhəmiyyətli platforma olacaq.

Azərbaycan bu gün iqlim dəyişmələri, urbanizasiya və dayanıqlı məskunlaşma kimi qlobal çağırışların həllində etibarlı tərəfdaş kimi çıxış edir. UN-Habitat ilə əməkdaşlıq, milli şəhərsalma forumları və bu il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ölkəmizin beynəlxalq nüfuzunun və bu sahədə artan rolunun göstəricisidir.

Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin sosial-iqtisadi, mədəni və strateji inkişaf xəttində mühüm mərhələ kimi böyük əhəmiyyət daşıyır. Bu qərar memarlıq sahəsinə diqqətin artırılması ilə bərabər, eyni zamanda, Azərbaycan dövlətinin tarixi irsin qorunması, müasir urbanizasiya çağırışlarına cavab verən şəhər mühitinin formalaşdırılması və dayanıqlı inkişaf məqsədlərinə sadiqliyinin ifadəsidir.

Beləliklə, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycan üçün keçmişlə gələcək arasında strateji körpü rolunu oynayacaq. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçiriləcək təşəbbüslər tarixi irsin qorunması ilə yanaşı, müasir, dayanıqlı və insan mərkəzli şəhər modelinin formalaşmasına xidmət edəcək. Bununla da Azərbaycan şəhərləri yalnız yaşayış məkanı deyil, milli kimliyin, mədəniyyətin və innovasiyanın daşıyıcısı kimi inkişaf yolunu davam etdirəcək.