Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə Milli Koordinator
“BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə tərəfdaşlığımızda mühüm mərhələ sayılan WUF13-də iştirak etmək üçün hər birinizi Bakıya dəvət edirik. Sizi dostluq və həmrəylik ruhunda qarşılayacaq şəhərimiz ortaq məqsədlərimizi irəli aparmaq və daha yaxşı şəhər gələcəyini formalaşdırmağa töhfə vermək naminə heç kəsi kənarda qoymadan birgə fəaliyyətə hazırdır!”
ANAR ADİL OĞLU QULİYEV
Doğum tarixi və yeri: 8 oktyabr 1977-ci il, Bakı şəhəri
Təhsili: O, 1999-cu ildə Azərbaycan Respublikasının Milli Aviasiya Akademiyasının İqtisadiyyat fakültəsinin İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bitirib, mühəndis-iqtisadçıdır.
Əmək fəaliyyəti:
1999-cu ildə əmək fəaliyyətinə Dövlət Əmlak Komitəsində mütəxəssis kimi başlayıb, 2000–2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində mütəxəssis, aparıcı mütəxəssis, 2001–2005-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş mütəxəssis, böyük məsləhətçi, 2005–2009-cu illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda investisiyaların təşviqi üzrə direktor vəzifələrində çalışıb.
2009–2016-cı illərdə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində şöbə müdirinin müavini, şöbə müdiri, 2016–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyində direktorun müşaviri, aparat rəhbəri vəzifələrində işləyib.
2018-ci ildə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2019-cu il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 8 yanvar 2020-ci il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.
22 may 2024-cü ildə Azərbaycan Kamandan Oxatma Federasiyasının növbədənkənar ümumi yığıncağında Anar Quliyev Azərbaycan Oxatma Federasiyasının prezidenti seçilib.
