Azərbaycan

WUF13 Azərbaycan

WUF13 qlobal şəhərsalma hərəkatına töhfə verəcək

 

Diplomatik korpusun davamlı dəstəyi sayəsində Ümumdünya Şəhərsalma Forumu (WUF13) Azərbaycan üçün növbəti mühüm mərhələ olacaq və qlobal şəhərsalma hərəkatına mühüm töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Ümumdünya Şəhərsalma Forumu BMT-nin ən böyük qeyri-siyasi bir platformasıdır. Bu platformada şəhərsalma ənənələri, insanların şəhərsalma ilə bağlı qarşılaşdığı problemlər üzrə fikir mübadiləsi aparılır. Qeyd edildiyi kimi, 4 milyarda yaxın insan aşağıstandartlı şəraitdə yaşayır, 300 milyona yaxın insan isə evsizdir. Eyni zamanda, şəhərsalmanın konsepti daxilində ekoloji məsələlər də yer tutur.

“Ümumdünya Şəhərsalma Forumu Azərbaycan Əməliyyat Şirkəti gələn il mart ayının sonunadək BMT-yə forum keçirilməsi üçün tam hazır məkanı təhvil verməyi planlaşdırır. Məkan Bakı Olimpiya Stadionudur. COP29-da əldə etdiyimiz təcrübəni biz Ümumdünya Şəhərsalma Forumunda da tətbiq etməyə çalışırıq. Ümumiyyətlə, təxminən 90 min kvadratmetr müvəqqəti infrastruktur qurulacaq. Artıq bu ayın sonunda tikinti materialları Bakıya çatdırılacaq və işlər başlayacaq. Hesab edirik ki, martın sonunadək məkan BMT-yə təqdimat üçün tam hazır olacaq”, - deyə A.Məmmədov qeyd edib.

 

AZƏRTAC

2025, 17 noyabr