Azərbaycan öz inkişaf strategiyasında şəhərsalma məsələlərinə xüsusi önəm verir - ŞƏRH
Bəşəriyyətin inkişafı bir sıra problemlərlə müşahidə olunur ki, bunlardan iqlim dəyişmələri daha təhlükəli hesab edilir. Məhz iqlim dəyişmələri nəticəsində dağlıq və dağətəyi yerlərdəki yaşayış məntəqələri zərər çəkir və orada yaşayan insanlar şəhərlərə köç edirlər. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü sessiyasının Bakıda keçirilməsi Azərbaycanın bu problemə diqqətlə yanaşdığını deməyə əsas verir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Özbəkistanın Energetika Nazirliyinin ekoloji diplomatiya və yaşıl iqtisadiyyat şöbəsinin mütəxəssisi Furkat Kurbonov deyib.
Onun sözlərinə görə, bu mühüm tədbirin Bakıda təşkili yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayiş etdirəcək.
“Qloballaşan dünyada şəhərsalma insan həyatının keyfiyyətini artırmaq, ətraf mühiti qorumaq və iqtisadi inkişafı təmin etmək baxımından əsas prioritetlərdən birinə çevrilib. Şəhərlər sürətlə böyüyür, lakin bu prosesin planlı və dayanıqlı olması gələcək nəsillərin rifahı üçün həyati əhəmiyyət daşıyır. Azərbaycan öz inkişaf strategiyasında şəhərsalma məsələlərinə xüsusi önəm verir. WUF13 yalnız coğrafi mövqe baxımından deyil, həm də urbanizasiya sahəsində qlobal transformasiyanın mərkəzi kimi strateji əhəmiyyət daşıyır. Forum dünyanın aparıcı şəhərsalma mütəxəssislərinin, siyasətçilərin, ekspertlərin bir araya gələcəyi universal platformaya çevriləcək və gələcək nəsillər üçün innovativ şəhər modellərinin müzakirə olunacağı mühüm dialoq məkanı rolunu oynayacaq. Müasir və “ağıllı şəhər”lərin formalaşmasına zaman lazımdır. Hələ ki, dünyanın hər hansı şəhərində yalnız elektromobillərin hərəkət etdiyini müşahidə etmirik. Bu proses mərhələli şəkildə həyata keçirilməlidir”, - deyə mütəxəssis vurğulayıb.
2026, 22 aprel
