On birinci Ümumdünya Şəhərsalma Forumu (WUF11)
26–30 iyun, 2022
Katovitse, Polşa
Mövzu: Daha yaxşı şəhər gələcəyi naminə şəhərlərin transformasiyası
WUF11 Haqqında
WUF11-in əsas mövzusu olan “Daha yaxşı şəhər gələcəyi naminə şəhərlərin transformasiyası” mövcud meyllər, çağırışlar və imkanlar əsasında şəhərlərin gələcəyi barədə daha dərin və aydın təsəvvür formalaşdıracaq, eyni zamanda şəhərlərin gələcək pandemiyalara və digər genişmiqyaslı zərbələrə daha yaxşı hazır olması üçün tövsiyələr irəli sürür.
Uzunmüddətli perspektivlər göstərir ki, qarşıdakı onillikdə dünya urbanizasiyanı davam etdirəcək: hazırda dünya əhalisinin 56 faizi şəhərlərdə yaşadığı halda, 2030-cu ilə qədər bu göstəricinin 60 faizə çatacağı proqnozlaşdırılır. Şəhər əraziləri dünya əhalisinin gələcək artımının demək olar ki, hamısını özündə cəmləşdirəcək əsas aparıcı qüvvələr olacaq. Növbəti on il ərzində bütün regionların daha da şəhərləşəcəyi gözlənilir. Bu isə birmənalı şəkildə göstərir ki, bəşəriyyətin gələcəyi danılmaz dərəcədə urban xarakter daşıyır və davamlılığın, ədalətin və ümumi rifahın təmin edilməsi üçün şəhərlərin düzgün planlaşdırılması zəruridir.
Bu, şəhərlərin gələcəyi ilə bağlı bir sıra mühüm sualları gündəmə gətirir: bəşəriyyətin gələcəyini təmin etmək üçün hansı tip şəhərlərə ehtiyac var? Şəhərlərin gələcəyini necə təsəvvür edir və yenidən formalaşdırırıq? Şəhərlərimizin gələcəkdə necə olmasını istəyirik?
Koronavirus pandemiyası şəhər ərazilərinin dinamik və gözlənilməz gələcəyə hazır olmasının zəruriliyini bir daha nümayiş etdirdi. COVID-19 şəhərlərin üzləşdiyi mövcud çağırışları və onların müxtəlif zərbələrə qarşı həssaslığını aydın şəkildə üzə çıxardı. Bununla belə, bu çağırışlar və həssaslıqlar regiondan regiona və ölkədən ölkəyə fərqlilik göstərirdi. Şəhərlərin gələcəyi “plüraldır” (çoxçeşidlidir) və bu fərqliliklərin potensial üstünlüklər kimi nəzərə alınması, regional fərqlərin təhlil edilməsi, birgə öyrənmə prosesinin təşviqi və şəhər modellərinin buna uyğun şəkildə adaptasiyası zəruridir. WUF11-in mövzusu bu suallara diqqət yönəltməklə dəyişiklikləri qabaqlamağa, zəruri hallarda inkişaf istiqamətinə düzəlişlər etməyə və şəhərlərin gələcəyinin təqdim etdiyi müxtəlif imkanlar barədə daha dolğun biliklər əldə etməyə şərait yaradır.
Əhatə dairəmiz
17000 İştirakçı (əyanı və onlayn)
158 Ölkə
WUF11 Dialoqları
WUF11 çərçivəsində keçiriləcək altı dialoq sessiyasında mədəniyyət və innovasiyanın dayanıqlı urbanizasiyanın aparıcı qüvvələri kimi istifadəsi sahəsində formalaşan yeni yanaşmalar və təcrübələr dəyərləndiriləcək, urbanizasiya, mədəniyyət və innovasiya arasındakı qarşılıqlı əlaqələr inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərin və insan məskənlərinin formalaşdırılması üçün əsas kimi təhlil ediləcək.
Dialoqlarda ənənə və müasirlik arasında sinerji təşviq ediləcək, çoxmədəniyyətli və çoxnəsilli icmalarda inteqrasiya üçün ortaq məkanlar formalaşdırılacaq, həmçinin mədəniyyət və innovasiyanın yeni şəhər gündəliyinin icrasında və dayanıqlı İnkişaf üçün 2030 Gündəliyinin şəhər ölçülərinin həyata keçirilməsində rolu araşdırılacaq.

