Azərbaycan

WUF13 Azərbaycan

Keniya televiziyasında Azərbaycanın WUF13 ilə bağlı hazırlıqlarından bəhs edilib

 

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkənin ən geniş tamaşaçı auditoriyasına malik, sosial hesablarında 10 milyondan çox izləyicisi olan, qonşu ölkələrdə də yayımlanan “Citizen TV” ictimai-siyasi televiziya kanalının “Diaspora Connect” adlı verilişinin qonağı olub.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, S.Hacıyev verilişdə ölkəmizin beynəlxalq müstəvidə qlobal töhfə və təşəbbüsləri barədə danışarkən 2026-cı il mayın 17-22-də Bakı şəhərinin ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) Azərbaycan hökumətinin hazırlıqları və planları haqqında geniş məlumat verib. Bu çərçivədə Keniya ilə əməkdaşlığın vacibliyini, o cümlədən iki ölkə arasında əlaqələrin dinamik inkişafını, qarşılıqlı səfərlərin intensivləşməsini, ölkə liderlərinin bu əməkdaşlığa diqqətini vurğulayıb.

Verilişdə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində ölkəmizdə təqaüdlə ali təhsil hüququ qazanan keniyalı tələbələrlə canlı bağlantı yaradılıb. Tələbələr Azərbaycanda onlara göstərilən diqqət və təhsil üçün yaradılan şəraitdən razılıq edib, ölkəmiz haqqında təəssüratlarını paylaşıblar.

 

AZƏRTAC

2025, 2 dekabr