WUF13 torpaq idarəçiliyi və əmlak münasibətləri sahəsində hansı təşəbbüsləri təqdim etməyi planlaşdırır?
May ayında keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) qlobal şəhər çağırışlarının müzakirə olunduğu əsas platformalardan biridir. Azərbaycan bu forumda torpaq idarəçiliyi və əmlak münasibətləri sahəsində hansı təşəbbüsləri təqdim etməyi planlaşdırır?
Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, müasir şəhərsalma şəraitində urbanizasiyanın idarə olunması, iqlim dəyişikliyinə uyğunlaşma, davamlı inkişafın təmin edilməsi və sakinlər üçün əlçatan, rahat mühitin yaradılması fonunda artan şəhər əhalisinin tələbatının ödənilməsi üçün torpaqların səmərəli idarə olunması xüsusi əhəmiyyət kəsb edir.
“Torpaq kateqoriyasının dəyişdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olan çoxsaylı müraciətlərin təhlili göstərir ki, bir sıra hallarda bu müraciətlər ərazi planlaşdırılması və şəhərsalma tələblərinə uyğunluq baxımından fərdi yanaşmadan daha çox, bütövlükdə yaşayış massivlərinin kompleks və konseptual şəkildə layihələndirilməsini zəruri edir. Bazar iştirakçılarının sərbəstliyi və dövlət müdaxiləsinin səviyyəsi əsasən ərazi planlaşdırma sənədləri və torpağın kateqoriyasından asılıdır. Torpağın təyinatına görə iqtisadi səmərəlilik meyarları da fərqli olur. Beynəlxalq təcrübə göstərir ki, bir çox ölkələrdə torpaqla bağlı əməliyyatlar (satış, icarə, vərəsəlik) xüsusi qaydalarla tənzimlənir. Bu zaman torpaqdan istifadə müddətinin müəyyən edilməsi həm istifadəçi, həm də sahibin hüquqlarını qorumaq və uzunmüddətli investisiyaları təşviq etmək üçün vacibdir.
Ümumilikdə, torpaq idarəetməsi planlaşdırma, nəzarət, monitorinq və torpaqların qorunmasını əhatə edən kompleks sistem olmalıdır. Bu sistemin müasir tələblərə uyğunlaşdırılması üçün hüquqi və institusional islahatlar zəruridir. Bu məqsədlə İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə Torpaq Məcəlləsinin təkmilləşdirilməsi üzrə işçi qrup yaradılıb və artıq bu istiqamətdə konsepsiya hazırlanıb”, - deyə qurumun sorğuya cavabında bildirilib.
AZƏRTAC
2026, 28 aprel

