Deputat: WUF13-ün Azərbaycanda təşkil olunması ölkəmizin şəhərsalma sahəsində beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir
Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması böyük əhəmiyyət kəsb edən mühüm qərardır. Həmin təşəbbüs ölkəmizin şəhərsalma sahəsində strateji inkişafına verilən yüksək önəmin təzahürüdür və gələcək nəsillər üçün daha müasir, komfortlu və davamlı yaşayış mühitlərinin yaradılmasına zəmin hazırlayır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım deyib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan həm regionda, həm də dünya miqyasında şəhərsalma və memarlıq sahəsində nümunəvi təcrübələrə imza atır. Həmin istiqamətdə ölkəmizdə aparılan islahatlar, abadlıq-quruculuq işləri və memarlıq incilərimizin qorunub saxlanması böyük önəm daşıyır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgəsində abidələrimizin bərpası və qorunması milli irsimizin yaşadılması üçün vacib addımlardandır.
“2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycanda təşkil olunması isə ölkəmizin şəhərsalma sahəsində beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Bu forum dünya şəhərsalma trendlərinin, innovativ həllərin və təcrübələrin paylaşılması üçün əhəmiyyətli platforma olacaq. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan şəhərsalma və memarlıq sahəsində davamlı inkişaf yolunu seçərək həm tarixi-mədəni irsimizi qoruyur, həm də gələcək üçün müasir şəhər mühiti yaradır. Tədbirin ölkəmizin gələcəyi üçün uğurlu və faydalı olacağına əminliklə inanıram”, - deyə F.Yıldırım bildirib.
Göyçək Mahmudlu
AZƏRTAC
2025, 25 dekabr
