BDU-da “WUF13 yolunda: urbanizasiya və innovasiya” mövzusunda ilk görüş keçirilib
Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə “Urban Talks” layihəsi çərçivəsində “WUF13 yolunda: urbanizasiya və innovasiya” mövzusunda ilk görüş keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
BDU-nun əməkdaşı və layihə rəhbəri Mirhüseyn Tağıyev urbanizasiya sahəsinə dair əsas anlayışlar, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tarixi inkişaf mərhələləri, həmçinin indiyədək keçirilmiş Ümumdünya Şəhərsalma forumlarının qlobal əhəmiyyəti barədə geniş məlumat təqdim edib.
Görüşdə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) əsas məqsədləri, gözləntiləri və Azərbaycanın ev sahibliyi fonunda Forumun strateji əhəmiyyəti müzakirə olunub. BDU-nun urbanizasiya və davamlı şəhər inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən, ölkəmizdə bu sahədə aparılan islahatların əsas istiqamətlərindən söz açılıb.
Sonra iştirakçılar üçün WUF13 könüllülük proqramı və gənclər üçün mövcud imkanlar xüsusi vurğulanıb, tələbələrə şəhərsalma proseslərində gənclərin rolunun artırılması ilə bağlı tövsiyələr verilib.
AZƏRTAC
2025, 4 dekabr
