BMT-nin nümayəndəsi: Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu xüsusi əhəmiyyət daşıyır
Ümumdünya Şəhərsalma Forumu indiyədək 12 müxtəlif ölkə və şəhərdə keçirilib. İndi isə biz Bakıda təşkil olunacaq forum ərəfəsindəyik. Sonuncu forum Misirdə olub.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Bilik və Təbliğat Bölməsinin direktoru Edlam Yemeru deyib.
O qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumu, həqiqətən də, qlobal və inklüziv platformadır. Bu forum artıq şəhərsalma sahəsində dünyanın aparıcı beynəlxalq müzakirə məkanına çevrilib. Burada dünyanın bütün maraqlı tərəfləri – hökumətlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutları və xüsusilə özəl sektor bir araya gəlir. Bu isə dövlət və özəl sektor arasında əməkdaşlığın daha da möhkəmlənməsinə şərait yaradır.
“Bakıda keçiriləcək forum xüsusi əhəmiyyət daşıyır. Çünki hazırda qlobal miqyasda məskunlaşma böhranı getdikcə daha kəskin xarakter alır. Məhz bu təcili çağırışlar fonunda WUF13-ün Bakıda təşkili olduqca vacibdir. Eyni zamanda, Bakıda keçiriləcək forum növbəti 10 ilin şəhərsalma gündəliyinin formalaşmasına mühüm təsir göstərəcək. Tədbirdə insanlar üçün layiqli və əlçatan yaşayış yerlərinin təmin olunması məsələlərinə xüsusi diqqət yetiriləcək. Əsas məqsəd qlobal məskunlaşma probleminin həllinə töhfə verməkdir”,- deyə Edlam Yemeru bildirib.
AZƏRTAC
2026, 27 fevral
