Elbay Qasımzadə: Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması dünya təcrübəsində nadir hadisədir - MÜSAHİBƏ
Bu il Azərbaycan memarlığı üçün bir çox cəhətdən yaddaqalan olacaq. 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi dövlətin şəhər mühitinin inkişafına, planlı urbanizasiyaya və memarlıq irsinin qorunmasına verdiyi strateji əhəmiyyəti nümayiş etdirir.
“Şəhərsalma və Memarlıq İli”nin elan olunduğu, şəhərlərin dayanıqlı inkişafı və müasir memarlıq yanaşmalarının qlobal müzakirə edildiyi bir dövrdə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası (WUF13) xüsusi əhəmiyyət daşıyır. Qlobal urbanistik gündəliklə uzlaşma baxımından WUF13 şəhərlərin dayanıqlı inkişafı, idarəetmə modelləri və uzunmüddətli planlaşdırma məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformadır. Bu mühüm proseslər fonunda ölkəmizdə memarlıq və şəhərsalma sahəsinin bu günü və gələcəyi, dövlət şəhərsalma siyasətinin prioritetləri, institusional yanaşmalar və perspektiv hədəflər barədə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Əməkdar memar Elbay Qasımzadə ilə söhbət etdik. Onun AZƏRTAC-a müsahibəsini təqdim edirik.
– Ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasından gözləntiləriniz nədir?
– İlk növbədə, qeyd etməliyəm ki, Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması dünya təcrübəsində kifayət qədər nadir hadisədir. Bu qərar xarici ölkələrdə böyük maraqla qarşılanıb. Azərbaycan üçün isə bu, tamamilə məntiqli və təbii addımdır.
Azərbaycanda memarlıq və şəhərsalma sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı çox yüksəkdir. Ümumilikdə şəhərsalma dövlətin iqtisadi və sosial fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu ilin elan olunması sahədə aparılan proseslərin tempini kəskin dəyişməsə də, diqqəti daha da artıracaq.
Son beş ildə Azərbaycan geniş ərazilərdə paralel şəkildə böyük quruculuq işləri həyata keçirir, həm Qarabağda, həm də Şərqi Zəngəzurda. Bundan başqa, 2026-cı ildə dahi memar Əcəmi Naxçıvaninin 900 illiyi və Azərbaycan Memarlar İttifaqının 90 illiyi qeyd olunur.
– WUF13-ə hazırlıq prosesi necə gedir?
– BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) çərçivəsində WUF13 forumunun Azərbaycanda keçirilməsi təsadüfi deyil. Forum qloballaşma və sürətli urbanizasiya prosesləri ilə birbaşa bağlıdır.
Hazırda dünya əhalisinin 51 faizdən çoxu şəhərlərdə yaşayır. Azərbaycanda bu göstərici 52,4 faizdən artıqdır. Proqnozlara görə, 2040-cı ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Halbuki XIX əsrin əvvəllərində bu göstərici cəmi 15 faiz idi.
Şəhərlər sosial infrastruktur, təhsil, səhiyyə, nəqliyyat və məşğulluq imkanlarına görə daha cəlbedicidir. Bu isə urbanizasiya problemini qlobal çağırışa çevirir. Azərbaycanda urbanizasiya ilə bağlı problemlərin həlli istiqamətində ciddi işlər görülür. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, ölkənin digər bölgələrində də geniş quruculuq və abadlıq işləri aparılır, sosial və iqtisadi infrastruktur yaradılır.
Forum çərçivəsində təxminən 20 min qonağın ölkəmizə gəlməsi gözlənilir. Azərbaycan Memarlar İttifaqı bir neçə panel müzakirədə iştirak edəcək və iki böyük sərgi təqdim edəcək: biri Azərbaycan memarlıq irsinə, digəri isə müasir dünya memarlığına həsr olunacaq.
– Bakının Baş planının icrası hansı mərhələdədir?
– Əvvəla, gəlin özümüz üçün aydınlaşdıraq ki, Baş plan konkret tikinti layihələrini nəzərdə tutan sənəd deyil. Baş plan şəhərin inkişaf istiqamətlərini müəyyənləşdirən strateji sənəddir. Bakının yeni Baş planı artıq iki ildir ki, təsdiqlənib və bu sənəddə əsas prioritetlər kimi şəhərin malik olduğu geniş ərazidən daha səmərəli istifadə olunması, nəqliyyat infrastrukturunun inkişafı və digər mühüm məsələlər müəyyən edilib.
Bu hədəflərlə yanaşı, Baş planda maraqlı və vacib bir aspekt də müzakirə olunur: Bakının tarixi mərkəzi hissəsinin müəyyən qədər yüngülləşdirilməsi. Etiraf etməliyik ki, əhalinin əsas meyli şəhərin mərkəzində yaşamağa yönəlib. Bunun əsas səbəbi həmin ərazilərdə abadlığın, mədəni və sosial infrastrukturun, səhiyyə və təhsil xidmətlərinin daha inkişaf etmiş olmasıdır.
Bakıətrafı yaşayış məntəqələrində də elə şərait yaradılmalıdır ki, əhalinin bir hissəsi burada eyni həyat keyfiyyəti ilə yaşaya bilsin. Məsələn, Abşeron yarımadasında elə mühit formalaşdırılmalıdır ki, insanlar mərkəzə köçməyə ehtiyac duymasınlar. Bir daha qeyd edirəm ki, Bakı ətrafında yerləşən bu əraziləri artıq kənd adlandırmaq düzgün deyil. Çünki Bakı ətrafında elə kəndlər var ki, onların əhalisi 100 mini ötüb. Bu ərazilərin cəlbediciliyini artırmaq və şəhərin mərkəzindəki antropogen yükü azaltmaq əsas məqsədlərdən biridir. Bunun üçün isə ilk növbədə, nəqliyyat infrastrukturu inkişaf etdirilməlidir. Nəqliyyat sistemi ən müasir tələblərə uyğun şəkildə təşkil olunmalı, iş yeri ilə yaşayış yeri arasındakı məsafə qısa müddətdə qət edilə bilməlidir ki, insanlar iş yerlərinə tez və rahat çata, zərurət olduqda isə şəhər mərkəzinə asanlıqla gedib-gələ bilsinlər. Yəni yeni Baş planın əsas fəlsəfəsi məhz bundan ibarətdir.
– Nəqliyyat sisteminin inkişafı ilə bağlı hansı addımlar planlaşdırılır?
– Bu suala əvvəl də qismən cavab vermişəm, lakin daha dəqiq desək, Bakıda ictimai nəqliyyatın genişləndirilməsi və inkişafı nəzərdə tutulur. Xüsusilə yeni metro stansiyalarının inşası planlaşdırılır. Yaxın gələcəkdə tramvay xətlərinin bərpası da gündəmdədir ki, bu da Bakının mərkəzindən nisbətən kənarda yerləşən yaşayış məntəqələri - Əhmədli, Günəşli, Sabunçu və digər ərazilərlə gediş-gəlişi daha da asan və rahat edəcək.
Eyni zamanda, şəhərin mərkəzindən kənar ərazilərdə kiçik yerli mərkəzlərin formalaşdırılması nəzərdə tutulur. Bu mərkəzlərdə insanlar gündəlik tələbatlarını - ticarət, səhiyyə, təhsil, istirahət və digər xidmətləri - öz yaşadıqları ərazilərdə ödəyə biləcəklər. Beləliklə, vətəndaşların ən xırda ehtiyaclar üçün şəhər mərkəzinə üz tutmasına zərurət qalmayacaq.
Bu yanaşma nəticəsində hər rayonun və hər yaşayış məntəqəsinin özünəməxsus istirahət və ictimai toplaşma məkanları formalaşacaq. Həmin məkanlarda ticarət, səhiyyə, xidmət və digər sahələr üzrə imkanlar yaradılacaq ki, bu da nəqliyyat axınının azalmasına, insanların lazımsız hərəkətinin minimuma endirilməsinə və ümumilikdə şəhər həyatının daha səmərəli təşkilinə xidmət edəcək. İctimai nəqliyyatın genişləndirilməsi əsas istiqamətlərdəndir. Yeni metro stansiyalarının tikintisi və tramvay xətlərinin bərpası planlaşdırılır. Eyni zamanda, şəhərdən kənar ərazilərdə lokal ictimai mərkəzlərin yaradılması nəzərdə tutulur. Bu, insanların gündəlik ehtiyaclarını yaşadıqları ərazilərdə qarşılamağa imkan verəcək və nəqliyyat yüklənməsini azaldacaq.
– Tikinti zamanı zəruri norma və qaydalarla bağlı Memarlar İttifaqı hansı addımlar atır?
– Memarlar İttifaqı ictimai təşkilatdır və əsasən məsləhətçi rolunda çıxış edir. Tikinti sahəsində müəyyən problemlər olur, lakin dövlət qurumları bu məsələyə ciddi nəzarət edir. Bu sahə qanunvericiliklə tənzimlənir və Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Memarlıq Komitəsi, icra hakimiyyətləri tərəfindən nəzarətdə saxlanılır.
– Gənc memarlar hansı biliklərə sahib olmalıdırlar?
– Gənc memarlar peşəkar, məsuliyyətli və vətənpərvər olmalıdırlar. Eyni zamanda, yeni texnologiyalara - kompüter qrafikası, süni intellekt və rəqəmsal alətlərə yiyələnməlidirlər. Memarlıq yalnız texniki sahə deyil, həm də böyük sosial məsuliyyət tələb edən peşədir.
– Azad olunmuş ərazilərdə memarlıq abidələrinin bərpası necə aparılır?
– Bu ərazilərdə çoxlu sayda tarixi abidə mövcuddur. Onların böyük hissəsi dövlət proqramları çərçivəsində bərpa olunur. Şuşa, Ağdam və digər bölgələrdə geniş bərpa işləri aparılır. Bu sahədə əsas maliyyə yükü dövlətin üzərinə düşür. Bu abidələr Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən müvafiq dövlət qurumlarının diqqət mərkəzindədir. Ölkə üzrə geniş monitorinqlər aparılır, yeni aşkarlanmış abidələr qeydə alınır, eyni zamanda, artıq tamamilə dağıdılmış, məhv edilmiş abidələr də sənədləşdirilir ki, onlar dövlət mühafizəsində olan obyektlər siyahısından çıxarılsın. Paralel olaraq, mövcud abidələrin bərpası üzrə dövlət proqramları hazırlanır və genişmiqyaslı bərpa işləri həyata keçirilir.
Bu sahədə əsas işi Heydər Əliyev Fondu görür. Şuşada aparılan bərpa işlərinin böyük hissəsi məhz onların təşəbbüsü ilə həyata keçirilir. Son beş il ərzində digər rayonlarda da bir sıra tarixi məbədlərin bərpası ilə məşğuldurlar. Sahibkarların da bu prosesə qoşulması arzuolunandır. Tarixi irsin qorunması ümumi milli məsuliyyətdir.
Abdulla Suvar
AZƏRTAC
2026, 10 fevral
