“Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş Qaydalara uyğun olaraq həyata keçirilən dövlət şəhərsalma nəzarətinin nəticələri barədə hər ilin yekunlarına görə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat versin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 noyabr 2014-cü il
№ 375
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR |
Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları (bundan sonra - Qaydalar) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra - Məcəllə) 5.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyir.
1.2. Dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra - Komitə), yerli səviyyədə yerli icra hakimiyyəti orqanları bu Qaydalara uyğun olaraq həyata keçirirlər.
1.3. Bu Qaydaların tələbləri şəhərsalma fəaliyyətini həyata keçirən dövlət orqanları, bələdiyyələr və digər hüquqi və fiziki şəxslər üçün məcburidir.
2. Dövlət şəhərsalma nəzarətinin məqsədi
Dövlət şəhərsalma nəzarətinin məqsədi şəhərsalma fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması, yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin (sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən şəhərsalma fəaliyyətinə münasibətdə) (bundan sonra – Agentlik) və bələdiyyələrin şəhərsalma fəaliyyətinin təsdiq edilmiş ərazi planlaşdırılması sənədlərinin (ümumi planlar, baş planlar, müfəssəl planlar) tələblərinə uyğun həyata keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması, ərazi planlaşdırılması sənədlərinin keyfiyyətinin yüksəldilməsi, şəhərsalmanın nizamlı inkişafı, torpaqlardan səmərəli istifadə, insanların həyatına, sağlamlığına və əmlakına zərər vurulmasının qarşısının alınması, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı tələblərin yerinə yetirilməsini təmin etməkdən ibarətdir.[1]
3. Yerli icra hakimiyyəti orqanları, Agentlik və bələdiyyələr tərəfindən həyata keçirilən şəhərsalma fəaliyyətinə nəzarət
3.1. Şəhərsalma fəaliyyəti sahəsində qanunvericiliyin, o cümlədən ərazi planlaşdırılması sənədlərinin tələblərinə yerli icra hakimiyyəti orqanları, Agentlik və bələdiyyələr tərəfindən riayət edilməsinə nəzarət Komitə tərəfindən kameral və səyyar qaydada aparılır.[2]
3.2. Kameral qaydada nəzarət yerli icra hakimiyyəti orqanlarının və Agentliyin Tikintilərin Dövlət reyestrinə elektron qaydada təqdim etdikləri məlumatları araşdırma yolu ilə həyata keçirilir.[3]
3.3. Kameral qaydada nəzarət zamanı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin pozulması halları aşkarlanarsa, həmin pozuntuların tam müəyyənləşdirilməsi və araşdırılması üçün yerli icra hakimiyyəti orqanından və Agentlikdən əlavə sənədlər tələb edilir, yaxud Komitənin əməkdaşları yerli icra hakimiyyəti orqanlarına və Agentliyə ezam olunurlar.[4]
3.4. Səyyar qaydada nəzarət tərtib edilmiş plan üzrə (3 ildə bir dəfədən az olmayaraq), yaxud daxil olmuş ərizə və şikayətlər, həmçinin digər məlumatlar əsasında növbədənkənar qaydada yerli icra hakimiyyəti orqanlarında və Agentlikdə araşdırma aparmaq və müvafiq ərazilərə baxış keçirmək yolu ilə həyata keçirilir.
3.5. Komitə yerli icra hakimiyyəti orqanlarının və Agentliyin şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirərkən aşağıdakıları araşdırır:
3.5.1. şəhərsalma və tikintiyə dair normativ sənədlərin, o cümlədən ərazi planlaşdırılması sənədlərinin tələblərinə yerli icra hakimiyyəti orqanları və Agentlik tərəfindən əməl olunması;
3.5.2. müvafiq ərazini əhatə edən müfəssəl planın olub-olmaması, belə plan olmadıqda və ya onun müddəti bitdikdə müfəssəl planın hazırlanması üçün müəyyən edilmiş tədbirlərin görülməsi;
3.5.3. tikinti layihələrinə münasibət bildirilərkən onların ərazi planlaşdırılması sənədlərinin, o cümlədən müfəssəl planın tələblərinə uyğunluğunun təmin olunması;
3.5.4. tikintiyə icazə verilməsi icraatı zamanı və məlumatlandırma icraatı qaydasında tikinti layihələrinə münasibət bildirilərkən Məcəllənin 75-78-ci və 80-84-cü maddələrinin tələblərinə riayət olunmasının təmin edilməsi;
3.5.5. müvafiq ərazini əhatə edən müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğunun müəyyənləşdirilməsi qaydalarının tələblərinin təmin olunması;[5]
3.5.6. aşkar edilmiş özbaşına tikililərin qarşısının alınması məqsədi ilə tədbirlərin görülməsi vəziyyəti.
4. Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti
4.1. Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti (bundan sonra - yerli səviyyədə dövlət şəhərsalma nəzarəti) mütəmadi olaraq müvafiq inzibati ərazi vahidinin sərhədləri daxilində (Agentliyin sərəncamındakı torpaq sahələri istisna olmaqla) həyata keçirilir.[6]
4.2. Yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir.
4.3. Yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmamasını, özbaşına tikinti işlərinin qarşısının alınmamasını, o cümlədən, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini 1 (bir) iş günü müddətində elektron qaydada məlumatlandırır və bu barədə bütün məlumatları elektron qaydada Komitəyə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir.[7]
4.4. Yerli icra hakimiyyəti orqanları şəhərsalma fəaliyyəti, habelə yerli səviyyədə dövlət şəhərsalma nəzarəti sahəsində il ərzində gördükləri işlər və onların nəticələri barədə növbəti il fevralın 1-dək Komitəyə hesabat təqdim etməlidir.
5. Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə əlaqədar Komitənin səlahiyyətləri
5.1. Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə əlaqədar Komitənin səlahiyyətləri aşağıdakılardır:
5.1.1. bu Qaydalarda nəzərdə tutulmuş nəzarət funksiyalarını həyata keçirmək üçün yerli icra hakimiyyəti orqanlarından və Agentlikdən şəhərsalma fəaliyyəti ilə bağlı sənədləri (o cümlədən ərazi planlaşdırılması sənədlərini, tikintiyə icazə və məlumatlandırma icraatı ilə bağlı sənədləri) tələb etmək, habelə bu məqsədlə dövlət və bələdiyyə orqanlarına, o cümlədən hüquqi və fiziki şəxslərə sorğular vermək;
5.1.2. səyyar araşdırma zamanı tikintiyə icazə icraatı başa çatmamış tikinti layihələrinin ərazi planlaşdırılması sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmadığı, habelə bu Qaydaların 3.5.5-ci yarımbəndində göstərilən tələblərin təmin edilmədiyi aşkar olunduqda, yerli icra hakimiyyəti orqanlarına və Agentliyə həmin tikinti layihələri üzrə tikintiyə icazənin verilməsindən imtina edilməsi barədə əsaslandırılmış göstəriş vermək;[8]
5.1.3. səyyar araşdırma zamanı tikintiyə icazə icraatı başa çatmamış tikinti layihələrinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunsuzluğu ilə bağlı aşkar olunmuş pozuntular barədə akt tərtib etmək, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin memarlıq bölmələrinə və Agentliyə, yerinə yetirilmə müddəti göstərilməklə, bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq icrası məcburi olan əsaslandırılmış göstəriş vermək;[9]
5.1.4. yol verilmiş pozuntuların aradan qaldırılması üçün verilmiş göstərişləri vaxtında icra etməyən və ya icrasını lazımınca təmin etməyən dövlət orqanları barədə onların yuxarı orqanlarına və aidiyyəti üzrə digər orqanlara məlumat vermək.
“Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na 1 nömrəli əlavə
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
_____________________________________________________________________________ Az 1014. Bakı şəhəri, Füzuli küçəsi, 65. tel:(+99412) 493-34-67, (+99412) 595-10-93, faks: (+99412) 498-14-14. E-mail: memar@arxkom.gov az _____________________________________________________________________________
G Ö S T Ə R İ Ş №___________
__________________________________ “____” _______________20____ il şəhər (rayon)
“Göstəriş” verilən vəzifəli şəxs, hüquqi şəxs[10] ___________________________________ (soyadı, adı və atasının adı, hüquqi şəxsin adı) _____________________________________________________________________________ _____________________________________________________________________________
Şəhərsalma sənədlərinin (qüvvədə olan müfəssəl planın, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğunun) tələbləri pozulmaqla yerləşdirilmiş obyektlərin siyahısı[11]
Qeyd. “Göstəriş” verilmiş vəzifəli şəxsin və hüquqi şəxsin nəzərinə çatdırılsın ki, tapşırığın icra edilməməsinə görə cavabdeh şəxslər mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar.[13]
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi ________________________ (adı və soyadı) ________________________ (vəzifəsi) ________________________ (imzası)
İcra üçün aldım ________________________ (adı və soyadı) ________________________ (vəzifəsi) ________________________ (imzası)
|
“Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na 2 nömrəli əlavə[14]
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
İnzibati Xəta Haqqında
PROTOKOL №__
_______________________ şəhəri (rayonu) “_______”______________20 ______ il
Mən (Biz) ____________________________________________________________________ (protokolu tərtib edən şəxsin (şəxslərin) soyadı, adı və atasının adı) _____________________________________________________________________________ (vəzifəsi) _____________________________________________________________________________ (barəsində inzibati xəta haqqında iş aparılan şəxsin (vəzifəli və ya fiziki şəxs, yaxud hüquqi şəxsin nümayəndəsi) soyadı, adı, atasının adı və ünvanı) _____________________________________________________________________________ ___________________________________________________________________ tərəfindən _____________________________________________________________________________ (inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti) _____________________________________________________________________________ ________________________________________________________müəyyən etdim (etdik). Bununla da___________________________________________________________________ (vəzifəli və ya fiziki şəxsin adı, soyadı və hüquqi şəxsin ünvanı) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin_____________________________ _____________________________________________________________________________ _________________________ maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan____________________________ _____________________________________________________________________________ (vəzifəli və ya fiziki şəxs, yaxud hüquqi şəxsin nümayəndəsi) bildirdi ki, ___________________________________________________________________ (izahatın məzmunu) _____________________________________________________________________________ _____________________________________________________________________________ (soyadı və adı) (imzası) İnzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar:_____________ _____________________________________________________________________________ _____________________________________________________________________________ _____________________________________________________________________________ İnzibati xətanı törətmiş vəzifəli və ya fiziki şəxsə, yaxud hüquqi şəxsin nümayəndəsinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 371-ci maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildi.
İnzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar, qeydlər ______ _____________________________________________________________________________
Protokolu tərtib edən şəxs (şəxslər)
___________________________________ _____________________________ (soyadı və adı) (imzası) ___________________________________ _____________________________ (soyadı və adı) (imzası) ___________________________________ _____________________________ (soyadı və adı) (imzası)
Barəsində protokol tərtib edilən şəxs ___________________________________ _____________________________ (soyadı və adı) (imzası)
Qeyd. İnzibati xətaya yol vermiş şəxs (vəzifəli və ya fiziki şəxs, yaxud hüquqi şəxsin nümayəndəsi) protokolu imza etməkdən imtina etdiyi halda, bu barədə protokolda müvafiq qeydlər aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlar və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək və protokolun surətini almaq hüquqları vardır. Onun bu izahatları və mülahizələri protokola əlavə olunur.
_____________________________________________________________________________ Protokolun surətini aldım: _______________________________________________________________ _____________ (vəzifəli və ya fiziki şəxsin, yaxud hüquqi şəxsin nümayəndəsinin soyadı, adı, atasının adı) (imzası, tarix)
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 13 noyabr 2017-ci il tarixli 1679 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 noyabr 2017-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2018)
2. 28 fevral 2018-ci il tarixli 1854 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 mart 2018-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 218)
3. 4 iyun 2020-ci il tarixli 1050 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 iyun 2020-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 692)
4. 14 iyun 2023-cü il tarixli 2186 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 iyun 2023-cü il, “Xalq” qəzeti, 15 iyun 2023-cü il, № 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 791)
5. 22 may 2025-ci il tarixli 397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 may 2025-ci il, “Xalq” qəzeti, 23 may 2025-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 459)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 4 iyun 2020-ci il tarixli 1050 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 iyun 2020-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 692) ilə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2-ci hissəsinə “orqanlarının” sözündən sonra “, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin (sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən şəhərsalma fəaliyyətinə münasibətdə) (bundan sonra – Agentlik)” sözləri əlavə edilmişdir.
[2] 4 iyun 2020-ci il tarixli 1050 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 iyun 2020-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 692) ilə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 3-cü hissəsinin adına və 3.1-ci bəndə “orqanları” sözündən sonra “, Agentlik” sözü əlavə edilmişdir.
[3] 4 iyun 2020-ci il tarixli 1050 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 iyun 2020-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 692) ilə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 3.2-ci, 3.3-cü, 3.4-cü, 3.5-ci bəndlərinə, 3.5.1-ci, 5.1.1-ci (birinci halda) və 5.1.2-ci yarımbəndlərinə ismin müvafiq hallarında “orqanları” sözündən sonra ismin müvafiq hallarında “və Agentlik” sözləri əlavə edilmişdir.
14 iyun 2023-cü il tarixli 2186 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 iyun 2023-cü il, “Xalq” qəzeti, 15 iyun 2023-cü il, № 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 791) ilə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 3.2-ci bəndinə “reyestrinə” sözündən sonra “elektron qaydada” sözləri əlavə edilmişdir.
[4] 4 iyun 2020-ci il tarixli 1050 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 iyun 2020-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 692) ilə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 3.3-cü bəndinə “orqanından” sözündən sonra “və Agentlikdən” sözləri əlavə edilmişdir.
[5] 28 fevral 2018-ci il tarixli 1854 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 mart 2018-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 218) ilə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 3.5.5-ci yarımbəndinə “tələblərə” sözündən sonra “, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə” sözləri əlavə edilmişdir.
[6] 4 iyun 2020-ci il tarixli 1050 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 iyun 2020-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 692) ilə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.1-ci bəndinə “sərhədləri daxilində” sözlərindən sonra “(Agentliyin sərəncamındakı torpaq sahələri istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[7] 28 fevral 2018-ci il tarixli 1854 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 mart 2018-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 218) ilə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.3-cü bəndində “yaşayış evinin” sözləri “tikinti obyektinin” sözləri ilə əvəz edilmişdir.
14 iyun 2023-cü il tarixli 2186 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 iyun 2023-cü il, “Xalq” qəzeti, 15 iyun 2023-cü il, № 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 791) ilə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nin 4.3-cü bəndinə “orqanları” sözündən sonra “ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmamasını, özbaşına tikinti işlərinin qarşısının alınmamasını,” sözləri əlavə edilsin və həmin bənddə “Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir” sözləri “Nazirliyini 1 (bir) iş günü müddətində elektron qaydada məlumatlandırır və bu barədə bütün məlumatları elektron qaydada Komitəyə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir” sözləri ilə əvəz edilmişdir.
22 may 2025-ci il tarixli 397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 may 2025-ci il, “Xalq” qəzeti, 23 may 2025-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 459) ilə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.3-cü bəndə “alınmamasını,” sözündən sonra “o cümlədən,” sözləri əlavə edilmişdir.
[8] 22 may 2025-ci il tarixli 397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 may 2025-ci il, “Xalq” qəzeti, 23 may 2025-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 459) ilə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 5.1.2-ci yarımbənd ləğv edilmişdir.
[9] 13 noyabr 2017-ci il tarixli 1679 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 noyabr 2017-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2018) ilə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda 5.1.3-cü yarımbəndin ikinci cümləsindən “(2 nömrəli əlavə)” sözləri çıxarılmışdır.
4 iyun 2020-ci il tarixli 1050 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 iyun 2020-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 692) ilə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 5.1.3-cü yarımbəndinin birinci cümləsinə “bölmələrinə” sözündən sonra “və Agentliyə” sözləri əlavə edilmişdir.
14 iyun 2023-cü il tarixli 2186 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 iyun 2023-cü il, “Xalq” qəzeti, 15 iyun 2023-cü il, № 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 791) ilə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 5.1.3-cü yarımbəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
5.1.3. şəhərsalma fəaliyyəti ilə bağlı aşkar olunmuş pozuntular barəsində akt tərtib etmək və onların aradan qaldırılması mümkün olduğu hallarda yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin memarlıq bölmələrinə və Agentliyə yerinə yetirilmə müddəti göstərilməklə icrası məcburi olan əsaslandırılmış “göstəriş” (1 nömrəli əlavə) vermək. İnzibati məsuliyyətə səbəb olan pozuntular barəsində protokol (2 nömrəli əlavə) tərtib etmək və müvafiq qərar qəbul etmək;
22 may 2025-ci il tarixli 397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 may 2025-ci il, “Xalq” qəzeti, 23 may 2025-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 459) ilə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 5.1.3-cü yarımbənddə “inşa edilən tikinti obyektinin” sözləri “səyyar araşdırma zamanı tikintiyə icazə icraatı başa çatmamış tikinti layihələrinin” sözləri ilə əvəz edilmişdir və həmin yarımbənddən “və bələdiyyələrin” sözləri çıxarılmışdır.
[10] 22 may 2025-ci il tarixli 397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 may 2025-ci il, “Xalq” qəzeti, 23 may 2025-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 459) ilə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1 nömrəli əlavəsinin “şəxs (fiziki, vəzifəli, hüquqi)” sözləri “vəzifəli şəxs, hüquqi şəxs” sözləri ilə əvəz edilmişdir.
[11] 22 may 2025-ci il tarixli 397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 may 2025-ci il, “Xalq” qəzeti, 23 may 2025-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 459) ilə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1 nömrəli əlavəsinin “Ərazi planlaşdırılması sənədlərinin (ümumi plan, baş plan, müfəssəl plan) tələbləri pozulmaqla və yaxud müvafiq qaydada sənədləşdirilmədən” sözləri “Şəhərsalma sənədlərinin (qüvvədə olan müfəssəl planın, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğunun) tələbləri pozulmaqla” sözləri ilə əvəz edilmişdir.
[12] 22 may 2025-ci il tarixli 397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 may 2025-ci il, “Xalq” qəzeti, 23 may 2025-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 459) ilə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1 nömrəli əlavəsinin “ümumi pozuntular” sözləri “pozuntular (hər bir pozuntu ayrıca təsvir olunmaqla)” sözləri ilə əvəz edilmişdir.
[13] 22 may 2025-ci il tarixli 397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 may 2025-ci il, “Xalq” qəzeti, 23 may 2025-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 459) ilə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1 nömrəli əlavəsinin “Qeyd” hissəsində “, fiziki və ya” sözləri “şəxsin və” sözləri ilə əvəz edilmişdir.
[14] 13 noyabr 2017-ci il tarixli 1679 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 noyabr 2017-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2018) ilə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2 nömrəli əlavəsi ləğv edilmişdir.
