“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş”in təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2023-cü il dekabrın 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş” təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2024-cü il
№ 1106-VIQ
Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair
SAZİŞ
Bundan sonra təklikdə “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Hökuməti (bundan sonra - Hökumət) ilə Birləşmiş Millətlər Təşkilatını təmsil edən Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramı (bundan sonra - BMT-nin Məskunlaşma Proqramı);
Birləşmiş Millətlər Təşkilatı İnsan Məskənləri Komissiyasının 2001-ci il 16 fevral tarixli 18/5 nömrəli qətnaməsində “Məskunlaşma Gündəliyi”nin həyata keçirilməsinə beynəlxalq dəstəyin koordinasiyasını gücləndirmək məqsədilə Şəhər Ətraf Mühit Forumu ilə Şəhər Yoxsulluğu üzrə Beynəlxalq Forumun yeni Şəhər salma Forumuna birləşdirilməsinin təşviq olunmasının sorğu edildiyini nəzərə alaraq;
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2001-ci il 21 dekabr tarixli 56/206 nömrəli qətnaməsində Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri üzrə Komissiyası Baş Assambleyanın tabe təşkilatı olaraq BMT-nin Məskunlaşma Proqramı İdarəetmə Şurasına və Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Mərkəzinin BMT-nin Məskunlaşma Katibliyinə transformasiya edildiyini, habelə Ümumdünya Şəhərsalma Forumunun “İdarəetmə Şurasının toplanmadığı illərdə ekspertlərin fikir mübadiləsi apara biləcəyi qeyri-qanunverici texniki forumun” olması qərarına gəldiyini nəzərə alaraq;
Ümumdünya Şəhərsalma Forumunun məqsədləri və iş üsulları 2002-ci il 29 aprel - 3 may tarixlərində Keniya Respublikasının Nayrobi şəhərində keçirilmiş Forumun Birinci Sessiyası; 2004-cü il 13 - 17 sentyabr tarixlərində İspaniya Krallığının Barselona şəhərində keçirilmiş İkinci Sessiyası; 2006-cı il 19 - 23 iyun tarixlərində Kanadanın Vankuver şəhərində keçirilmiş Üçüncü Sessiyası; 2008-ci il 3 - 6 noyabr tarixlərində Çin Xalq Respublikasının Nankin şəhərində keçirilmiş Dördüncü Sessiyası; 2010-cu il 22 - 26 mart tarixlərində Braziliya Federativ Respublikasının Rio-de-Janeyro şəhərində keçirilmiş Beşinci Sessiyası; 2012-ci il 1 - 7 sentyabr tarixlərində İtaliya Respublikasının Neapol şəhərində keçirilmiş Altıncı Sessiyası; 2014-cü il 5 - 11 aprel tarixlərində Kolumbiya Respublikasının Medellin şəhərində keçirilmiş Yeddinci Sessiyası; 2018-ci il 7 - 13 fevral tarixlərində Malayziyanın Kuala-Lumpur şəhərində keçirilmiş Doqquzuncu Sessiyası; 2020-ci il 8 - 13 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilmiş Onuncu Sessiyası; 2022-ci il 26 - 30 iyun tarixlərində Polşanın Katovitse şəhərində keçirilmiş On Birinci Sessiyası və 2024-cü il 4-8 noyabr tarixlərində Misir Ərəb Respublikasının Qahirə şəhərində keçiriləcək On İkinci Sessiyasında qəbul edildiyini nəzərə alaraq;
Ümumdünya Şəhərsalma Gəncləri Assambleyası və Gender Bərabərliyi üzrə Fəaliyyət Assambleyasının Ümumdünya Şəhər Forumunun tərkib hissələri kimi inteqrasiyasına çağırış edən BMT-nin Məskunlaşma Proqramının İdarəetmə Şurasının 2009-cu il tarixli 22/4 və 22/7 nömrəli qətnamələrini xatırladaraq;
Baş Assambleyanın 2015-ci il 22 dekabr tarixli 70/210 nömrəli qətnaməsi ilə Ümumdünya Şəhərsalma Forumunun insan məskunlaşmaları sahəsində siyasətçilər, yerli hökumət rəhbərləri, qeyri-hökumət maraqlı tərəfləri və ekspertlər arasında qarşılıqlı fəaliyyət üçün ən əsas qlobal arena kimi tanındığını xatırladaraq;
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2016-cı il 23 dekabr tarixli 71/256 nömrəli qətnaməsi ilə təsdiq edilmiş “Yeni Şəhər Gündəliyi”nə Əlavənin 167-ci paraqrafında “Yeni Şəhər Gündəliyi”nin həyata keçirilməsinə dair dördillik hesabatın milli, submilli və yerli hökumətlərin, BMT-nin Məskunlaşma Proqramının, Birləşmiş Millətlər Təşkilatı sisteminin digər aidiyyəti qurumlarının, “Yeni Şəhər Gündəliyi”nin həyata keçirilməsini və BMT-nin Məskunlaşma Proqramının İdarəetmə Şurasının hesabatlarını dəstəkləyən müvafiq maraqlı tərəflərin fəaliyyətlərinə əsaslanması tələb olunmuşdur və hesabata mümkün olduğu qədər çoxtərəfli təşkilatlardan və proseslərdən, lazım gəldikdə, vətəndaş cəmiyyəti, özəl sektor və akademik dairələrdən daxil olan məlumatlar daxil edilməli və BMT-nin Məskunlaşma Proqramı tərəfindən çağırılan Ümumdünya Şəhərsalma Forumu kimi mövcud platformalara və proseslərə əsaslanmalı olduğunu nəzərə alaraq;
BMT-nin Məskunlaşma Proqramının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına ev sahibliyi etmək üçün Azərbaycan Respublikasının Bakı şəhərini (bundan sonra “ÜŞF13” adlandırılacaq) seçdiyini nəzərə alaraq;
ÜŞF13-ün BMT-nin himayəsi altında həyata keçiriləcək BMT-nin Məskunlaşma Proqramı tərəfindən çağırılan Birləşmiş Millətlər Təşkilatının konfransı olduğunu xatırladaraq;
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1985-ci il 18 dekabr tarixli 40/243 nömrəli qətnaməsinin 5-ci hissəsinə əsasən öz ərazisində keçiriləcək tədbirə dəvətnaməni göndərən ölkə hökuməti tərəfindən tədbirlə bağlı birbaşa və ya dolayısı ilə yaranan faktiki və əlavə xərclərin qarşılanacağı təqdirdə, Birləşmiş Millətlər Təşkilatının yaradılmış qərargahlarından kənarda tədbir keçirə biləcəyini xatırladaraq;
Birləşmiş Millətlər Təşkilatı və Hökumət arasında ÜŞF13 ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri ilə bağlı ayrıca əlavə saziş imzalanacağını qeyd edərək;
Azərbaycan Respublikasının 1992-ci il 21 iyul tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1946-cı il 13 fevral tarixində qəbul edilən “Birləşmiş Millətlər Təşkilatının imtiyazları və diplomatik hüquqları haqqında” Konvensiyaya qoşulduğunu qeyd edərək;
Beləliklə, Tərəflər aşağıdakılar barədə razılığa gəldilər:
Maddə I
Tətbiq dairəsi və məqsəd
Bu Saziş ÜŞF13 zamanı imtiyazlar və immunitetlər, giriş və çıxış hüququ, idxal və ixrac, mühafizə və təhlükəsizlik və digər məsələlərlə bağlı razılaşmalara şamil edilir.
Maddə II
ÜŞF13-ün yeri və tarixi
1. ÜŞF13-ün 2026-cı il 12-16 oktyabr tarixlərində beş (5) gün müddətində Heydər Əliyev prospekti 1, AZ 1033, Bakı, Azərbaycan ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçirilməsi planlaşdırılır.
2. Birləşmiş Millətlər Təşkilatının İmtiyazlar və İmmunitetlər haqqında 1946-cı il 13 fevral tarixli Konvensiyasının 11-ci maddəsinə əsasən, bu Sazişin VI maddəsi ilə müəyyən edilmiş ÜŞF13 Təhlükəsizlik Planında təsvir olunduğu kimi ÜŞF13-ün keçiriləcəyi Heydər Əliyev Mərkəzi, o cümlədən onun ətrafında yerləşən ərazi və obyektlər Birləşmiş Millətlər Təşkilatının bilavasitə müşahidəsi və nəzarəti altındadır və ÜŞF13-ün məkanını təşkil edir (bundan sonra “ÜŞF13 Məkanı” adlandırılacaqdır).
3. Fors-major halları baş verdikdə, Tərəflər ÜŞF13-ün təxirə salınması, dəyişdirilmiş formatda keçirilməsi (şəxsən iştirakdan və elektron qaydada məsafədən iştirak formasında virtual onlayn komponentlərdən ibarətdir) və ya ləğv edilməsi barədə məsləhətləşir və qarşılıqlı razılığa gəlirlər. Bu kimi təxirəsalınma, formatın dəyişdirilməsi və ya ləğv edilməsi hallarında Tərəflər nəticədə yaranan hər hansı məsələlərin həlli ilə bağlı məsləhətləşir və qarşılıqlı razılığa gəlirlər. Formatın təxirə salınması və ya dəyişdirilməsi baş verdikdə bu Saziş qüvvədə qalacaq və qarşılıqlı razılaşmadan sonra Tərəflər arasında məktub mübadiləsi yolu ilə ÜŞF13-ün yeni tarixlərini və/və ya formatını müəyyən etmək üçün dəyişdirilir.
Maddə III
İmtiyazlar və immunitetlər
1. 1946-cı il 13 fevral tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikasının da tərəfdar çıxdığı Birləşmiş Millətlər Təşkilatının imtiyazları və immunitetləri haqqında Konvensiya (bundan sonra “Konvensiya”) ÜŞF13-Ə şamil edilir. Xüsusilə:
(a) üzv dövlətlərin nümayəndələri Konvensiyanın IV maddəsində nəzərdə tutulmuş imtiyaz və immunitetlərdən istifadə edirlər;
(b) ÜŞF13-də iştirak edən və ya onunla əlaqədar funksiyaları yerinə yetirən Birləşmiş Millətlər Təşkilatının vəzifəli şəxsləri Konvensiyanın V və VII maddələrində nəzərdə tutulmuş imtiyaz və immunitetlərdən istifadə edirlər;
(c) ÜŞF13 ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının missiyalarını yerinə yetirən ekspertlər Konvensiyanın VI və VII maddələrinə uyğun olaraq verilən imtiyaz və immunitetlərdən istifadə edirlər.
2. Bu Sazişin III maddəsinin əvvəlki bəndlərinə xələl gətirmədən, ÜŞF13-də iştirak etmək üçün Birləşmiş Millətlər Təşkilatı tərəfindən akkreditə olunmuş bütün iştirakçılar ÜŞF13 ilə bağlı danışıq və ya yazılı sözlərə və onların həyata keçirdiyi hər hansı hərəkətə görə hüquqi prosesdə immunitetdən yararlanırlar.
3. Bu Sazişə və ya bu Sazişə hər hansı əlavə sazişə uyğun olaraq Hökumət tərəfindən təmin edilən bütün heyət ÜŞF13 ilə bağlı rəsmi səlahiyyətləri çərçivəsində danışıq və ya yazılı sözlərə və həyata keçirdiyi hər hansı hərəkətə görə hüquqi prosesdə immunitetdən yararlanırlar.
4. Bu Sazişin III maddəsinin əvvəlki bəndlərinə xələl gətirmədən, ÜŞF13 ilə bağlı funksiyaları yerinə yetirən bütün şəxslər və bu Sazişə və ya ona hər hansı əlavə sazişə uyğun olaraq Hökumət tərəfindən təmin edilən heyət, ÜŞF13 ilə bağlı öz funksiyalarının müstəqil icrası üçün zəruri olan imtiyazlardan, immunitetlərdən və güzəştlərdən istifadə edir.
5. Bu Sazişin III maddəsində qeyd olunan imtiyaz və immunitetlərə xələl gətirmədən, Birləşmiş Millətlər Təşkilatı ədalət mühakiməsinin düzgün həyata keçirilməsini asanlaşdırmaq üçün hər zaman Hökumətlə əməkdaşlıq edir.
6. Bu Sazişin III maddəsində qeyd olunan bütün şəxslər ÜŞF13 ilə əlaqədar Azərbaycana gətirdikləri vəsaitin xərclənməmiş hissəsini getdikləri zaman heç bir məhdudiyyət olmadan Azərbaycandan çıxarmaq hüququna malikdirlər.
7. Birləşmiş Millətlər Təşkilatı ÜŞF13 ilə əlaqədar rəsmi istifadə üçün malların və xidmətlərin alınması zamanı ƏDV-dən azad olmaq hüququna malikdir.
Maddə IV
Ölkəyə giriş və çıxış hüququ
Bütün iştirakçılar və ÜŞF13 ilə bağlı funksiyaları yerinə yetirən şəxslər Azərbaycana maneəsiz daxil olmaq və Azərbaycandan çıxmaq hüququna malikdirlər və onlara ÜŞF13-ün tədbir məkanına girişi və çıxışı ilə bağlı tranzitdə heç bir maneə yaradılmamalıdır. Onlara sürətli səyahət üçün lazımi vizalar və şərait təmin edilir. Tələb olunduqda Azərbaycan ərazisinə planlaşdırılan girişdən ən azı iki (2) həftə əvvəl müraciət edilmə şərtilə tətbiq olunan qaydalara əsasən mümkün qədər tez və ÜŞF13-ün açılış tarixindən ən geci iki həftə əvvəl verilməlidir. Müraciət daha gec edildikdə belə viza mümkün qədər tez verilməlidir. Gəlməzdən əvvəl vizaları əldə edə bilməyən iştirakçılara Tədbir müddəti üçün vizaların Heydər Əliyev adına Beynəlxalq Hava Limanına (Bakı şəhəri) çatdırılmasını təmin etməklə əlaqədar tədbirlər görülməlidir. Vizalarla bağlı bütün digər məsələlərə əlavə sazişdə aydınlıq gətiriləcəkdir.
Maddə V
İdxal və ixrac
Tətbiq olunan müvafiq prosedur və qaydalara uyğun olaraq, Hökumət iştirakçılar, müşahidəçilər və media nümayəndələri tərəfindən müşayiət olunan, daşınan və ya göndərilən bütün avadanlıqların, o cümlədən çap nəşrlərinin, audio, video, foto və texniki avadanlığın idxal rüsumları və vergilərdən azad edilməklə müvəqqəti idxalına icazə verir və bu məqsədlə zəruri idxal və ixrac icazələrini təxirə salınmadan verir və bu qəbildən olan əşyaların yerində sürətli rəsmiləşdirilməsi üçün sistemin olmasını təmin edir və ÜŞF13 üçün tələb olunan malların idxal rüsumlarından və vergilərdən azad olunmasını təmin edir. Hökumətlə razılaşdırılmış şərtlər istisna olmaqla, bu müvəqqəti azadolma çərçivəsində idxal edilən istənilən mallar Azərbaycanda satıla, icarəyə verilə və ya icarəyə götürülə bilməz və ya başqa şəkildə istifadə oluna bilməz.
Maddə VI
Mühafizə və təhlükəsizlik
1. Hökumət bu Sazişin X maddəsinə uyğun olaraq Tərəflər arasında əlavə sazişə heç bir müdaxilə olmadan ÜŞF13-ün səmərəli fəaliyyətini təmin etmək üçün tələb oluna bilən mühafizə və təhlükəsizliyi öz hesabına təmin edir. Hökumət öz nümayəndəsi qismində çıxış etmək üçün Milli Təhlükəsizlik Rəsmisi (bundan sonra “MTR” adlandınlacaq) təyin edir. Azərbaycan Respublikasının səlahiyyətli təhlükəsizlik xidmətləri MTR tərəfindən əlaqələndirilir, eyni zamanda MTR Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Departamentinin (bundan sonra “BMTTD” adlandırılacaq) nümayəndəsi olan Tədbirlərin Təhlükəsizliyi üzrə Koordinator (bundan sonra “TTK”) ilə sıx əməkdaşlıq şəraitində işləyir.
2. ÜŞF13 məkanları daxilində təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi, Hökumətin səlahiyyətli təhlükəsizlik xidmətləri ilə sıx əməkdaşlıq edən BMTTD-nin bilavasitə rəhbərliyi və nəzarəti altında olacaqdır. ÜŞF13 Məkanlarına bilavasitə bitişik ərazidə mühafizə hökumətin məsuliyyətində olacaqdır. Bu iki təhlükəsizlik zonasının sərhədləri və əməkdaşlıq şərtləri ÜŞF13 Məkanları Birləşmiş Millətlər Təşkilatına təhvil verilməzdən əvvəl Hökumət və Birləşmiş Millətlər Təşkilatı, o cümlədən BMTTD tərəfindən aydın şəkildə müəyyən edilir.
3. Birləşmiş Millətlər Təşkilatı Hökumətlə əməkdaşlıq şəraitində məxfi məlumatın mühafizəsinə dair müddəaları nəzərə alaraq, Birləşmiş Millətlər Təşkilatının ÜŞF13 ilə bağlı təhlükəsizlik qiymətləndirməsinə (bundan sonra “ÜŞF13 Təhlükəsizlik Planı” adlandırılacaq) əsaslanan hərtərəfli təhlükəsizlik planı hazırlayır və ÜŞF13-ün başlanmasına ən geci otuz (30) gün qalmış Hökumətə təqdim edir. ÜŞF13 Təhlükəsizlik Planı ÜŞF13 Məkanlarını xəritə/planla müəyyən və təsvir edir və ÜŞF13 Məkanlarının təhlükəsizliyi və mühafizəsi ilə bağlı bütün tapşırıqların yerinə yetirilməsi üçün əsas təşkil etməlidir.
4. Hökumət bu Sazişin X maddəsinə uyğun olaraq Tərəflər arasında əlavə sazişdə müəyyən edildiyi qaydada Birləşmiş Millətlər Təşkilatını öz hesabına təhlükəsizlik avadanlığı və təhlükəsizlik heyəti ilə təmin edir.
5. Hökumət ÜŞF13 üçün yanğından mühafizə planlarının, o cümlədən ÜŞF13 məkanları, obyektləri və tədbirin keçirildiyi ərazilər üçün təxliyə planlarının hazırlanmasını təmin etməlidir. BMTTD belə planların hazırlanması üçün Hökuməti lazımi məlumatlarla təmin edir.
Maddə VII
ÜŞF13 məkanının toxunulmazlığı
ÜŞF13 məkanı Konvensiyanın II maddəsinin 3-cü hissəsinə əsasən Birləşmiş Millətlər Təşkilatının məkanı hesab olunur və oraya giriş Birləşmiş Millətlər Təşkilatının nəzarətinə və səlahiyyətinə tabedir. ÜŞF13-ün binaları ÜŞF13 müddətində, o cümlədən hazırlıq mərhələsi və bağlanış zamanı toxunulmazdır.
Maddə VIII
Məsuliyyət
1. Hökumət Birləşmiş Millətlər Təşkilatına və ya onun vəzifəli şəxslərinə qarşı aşağıda qeyd olunan hər hansı akta, iddiaya və ya digər tələbə görə məsuliyyət daşıyır:
(a) ÜŞF13 Hökumət tərəfindən təmin olunan və ya onun nəzarəti altında olan ÜŞF13 obyektlərində şəxslərin xəsarət alması və ya əmlakın zədələnməsi və ya itirilməsi;
(b) ÜŞF13 Hökumət tərəfindən təmin edilən və ya onun nəzarəti altında olan hər hansı nəqliyyat xidmətlərindən istifadə nəticəsində şəxslərin xəsarət alması və ya əmlakın zədələnməsi və ya itirilməsi; və
(c) ÜŞF13 üçün Hökumət tərəfindən təmin edilən və ya təşkil edilən personalın işə götürülməsi.
2. Tərəflər arasında belə hərəkətlərin, iddiaların və ya digər tələblərin kobud səhlənkarlıqdan və ya şəxslərin qəsdən sui-istifadəsindən irəli gəldiyi hallar barədə razılaşma istisna olmaqla, Hökumət Birləşmiş Millətlər Təşkilatına və onun rəsmilərinə hər hansı belə hərəkət, iddia və ya digər tələblə bağlı zərərin əvəzini ödəyir və üzərinə məsuliyyət qoymur.
Maddə IX
Mübahisələrin həlli
Birləşmiş Millətlər Təşkilatının imtiyazları və İmmunitetləri haqqında 1946-cı il 13 fevral tarixli Konvensiyanın 30-cu bölməsinə və ya tətbiq olunan digər müvafiq sazişə aid olan məsələlər istisna olmaqla, əgər Tərəflər başqa cür razılıq əldə edə bilmirlərsə, bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı hər hansı mübahisə danışıqlar və ya hər hansı digər razılaşdırılmış üsulla həll edilməlidir.
Maddə X
Əlavə sazişlər
Tərəflər və ya onların müvafiq nümayəndələri ÜŞF13 ilə bağlı təşkilati tədbirlər və maliyyə məsələlərinə dair hər hansı digər əlavə sazişlər bağlayırlar.
Maddə XI
Yekun müddəalar
1. Bu Saziş, Sazişin qüvvəyə minməsi üçün tələb olunan müvafiq dövlətdaxili prosedurların Azərbaycan Respublikası tərəfindən yerinə yetirilməsini təsdiq edən yazılı bildirişin diplomatik kanallar vasitəsilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən alındığı tarixdən qüvvəyə minir və tədbir müddəti ərzində, habelə onun hər hansı müddəaları ilə bağlı bütün məsələlərin həll edilməsi üçün zəruri sonrakı müddət ərzində qüvvədə qalır.
2. Bu Sazişə Tərəflərin qarşılıqlı yazılı razılığı ilə bu Sazişin ayrılmaz hissəsi olan və bu maddənin 1-ci bəndinə uyğun olaraq qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilməklə Tərəflərin razılığı ilə əlavə və dəyişikliklər edilə bilər. Bu Sazişə olunan Əlavələr onun ayrılmaz hissəsini təşkil edir və açıq şəkildə başqa hal nəzərdə tutulmayıbsa, bu Sazişə olunan istinad həmdə onun hər hansı Əlavəsinə istinad deməkdir.
Qeyd olunanların təsdiqi olaraq, aidiyyəti Tərəflərin müvafiq qaydada səlahiyyətləndirdiyi aşağıda imza edənlər bu Sazişi Azərbaycan və ingilis dillərində 2 (iki) əsl nüsxədə, 2023-cü il 22 dekabr tarixində Azərbaycan Respublikasının Bakı şəhərində imzaladılar. Hər iki mətn autentikdir. Təfsirdə hər hansı fərqlilik yaranarsa, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikası Hökuməti | Birləşmiş Millətlər Təşkilatı |
adından | adından |
(imza) | (imza) |
