Rəis müavini: Gələcəyin şəhərləri təhlükəsiz, dayanıqlı, ekoloji cəhətdən balanslı və fövqəladə hallara davamlı olmalıdır
Müasir urbanizasiya yeni texnologiyaların tətbiqini də zəruri edir. “Ağıllı şəhər” konsepsiyası çərçivəsində yanğın təhlükəsizliyi sistemlərinin rəqəmsal platformalarla inteqrasiyası artıq beynəlxalq təcrübədə geniş tətbiq olunur. Ölkəmiz isə bu texnologiyaların reallaşdırılması çərçivəsində işğaldan azad edilmiş əbədi torpaqlarımızda real nümunələr nümayiş etdirməkdədir. Yeni yaradılan yaşayış məntəqələrində “ağıllı” sensor sistemlərinin tətbiqi, məsafədən monitorinq imkanları, erkən xəbərdarlıq mexanizmləri, alternativ enerji mənbələrinin tətbiq olunduğu “Ağıllı kənd” layihələrimiz müasir şəhərsalma fəlsəfəsinə bariz nümunədir. Bu imkanlar isə yanğın risklərinin minimuma endirilməsində mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “Şəhərsalma fəaliyyətində tikinti, yanğın, texniki və radiasiya təhlükəsizliyinin təmin olunmasında dövlət nəzarəti” mövzusunda dəyirmi masada çıxışı zamanı nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev deyib.
Onun sözlərinə görə, xüsusilə hündürmərtəbəli binalarda, metro infrastrukturunda, tunellərdə, iri ticarət mərkəzlərində və kütləvi toplaşma obyektlərində innovativ təhlükəsizlik həllərinin tətbiqi artıq zərurətə çevrilib. Digər mühüm məsələ isə təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasıdır: "Təcrübə göstərir ki, ən müasir texniki sistemlər belə insan məsuliyyəti olmadan tam effektiv nəticə verə bilmir. Elektrik təsərrüfatında yüklənmələr, nasaz avadanlıqlar, qaz təchizatı ilə təhlükəli davranış vərdişləri, qaydalara laqeyd münasibət bir çox yanğınların əsas səbəbi olaraq qalır. Bu baxımdan maarifləndirmə işi xüsusi əhəmiyyət daşıyır. Əhali, sahibkarlar, tikinti şirkətləri və obyekt rəhbərləri təhlükəsizlik tələblərini inzibati tələb kimi deyil, insan həyatının qorunmasına xidmət edən vacib məsuliyyət kimi qəbul etməlidirlər. Yanğın təhlükəsizliyi sahəsində fəaliyyət göstərən qurumların əsas missiyası yalnız nəzarət tədbirləri həyata keçirmək deyil, eyni zamanda, preventiv yanaşmanı gücləndirmək, riskləri qabaqcadan müəyyən etmək və təhlükəsizlik düşüncəsini cəmiyyətin ayrılmaz hissəsinə çevirməkdir".
İqlim dəyişikliklərinin, enerji resurslarından istifadənin artmasının, alternativ enerji sistemlərinin geniş tətbiqinin və urbanizasiyanın sürətlənməsinin təhlükəsizlik məsələlərinə yanaşmada yeni baxış formalaşdırdığını bildirən rəis müavini fikirlərinə belə davam edib: "Gələcəyin şəhərləri təhlükəsiz, dayanıqlı, ekoloji cəhətdən balanslı və fövqəladə hallara davamlı olmalıdır. Həmin məqsədə nail olmaq üçün şəhərsalma siyasəti ilə təhlükəsizlik siyasəti paralel şəkildə irəliləməlidir. Biz təhlükəsizlik məsələlərini inkişafın qarşısında maneə kimi deyil, dayanıqlı inkişafın əsas təminatlarından biri kimi qəbul etməliyik. Çünki təhlükəsiz olmayan inkişaf uzunmüddətli və dayanıqlı ola bilməz".
Müxbir - Göyçək Mahmudlu
AZƏRTAC
2026, 14 may
