Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA1, Azərbaycan)
5–6 oktyabr 2022-ci il
Ağdam, Bakı, Azərbaycan
Mövzu: Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyi post-münaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi
Forum haqqında
Birinci Azərbaycan Milli Şəhərsalma Forumu 5–6 oktyabr 2022-ci il tarixlərində keçirilmişdir. Bu, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən çağırılan ilk qanunvericilik xarakteri daşımayan tədbir olub, Azərbaycanda formalaşan əsas şəhər çağırışlarının müzakirəsi və müvafiq sahədə beynəlxalq təcrübənin nümayişi məqsədilə Ağdam və Bakı şəhərlərində şəhər inkişafında iştirak edən tərəfləri və geniş iştirakçı dairəsini bir araya gətirmişdir.
Azərbaycan Milli Şəhərsalma Forumu UN-Habitat və ADA Universiteti tərəfindən birgə təşkil olunmuşdur.
Birinci Azərbaycan Milli Şəhərsalma Forumunun əsas məqsədi dayanıqlı inkişafın və şəhərlərin bərpasının təşviqi naminə qabaqcıl təcrübə mübadiləsini təmin etmək, eyni zamanda şəhər böhranlarının həll olunması sahəsində Azərbaycan modelini nümayiş etdirmək və oxşar çağırışlarla üzləşən beynəlxalq mütəxəssis və siyasətçilərlə əlaqələrin qurulması üçün unikal imkan yaratmaqdır.
Azərbaycan hökuməti dayanıqlı şəhər inkişafını milli rifahın təmin edilməsində mühüm amil kimi prioritet istiqamət müəyyən etmişdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni azad edilmiş ərazilərdə həyata keçirilən şəhərsalma üzrə yenidənqurma və bərpa işləri kontekstində hökumət daha inklüziv, dinamik, ağıllı və dayanıqlı urbanizasiyaya nail olmaq məqsədilə karbon-neytral və ekoloji yönümlü yanaşmanı əsas götürmüşdür.

