Azərbaycan

WUF13 Azərbaycan

Xankəndi şəhərində 3-cü Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib

 

Xankəndi,

2025, 15 oktyabr

 

Oktyabrın 15-də Xankəndi şəhərində III Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib.

 

 

“Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına

Hörmətli Forum iştirakçıları!

Sizi Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun açılışı münasibətilə salamlayıram. Xankəndi şəhərinə xoş gəlmisiniz.

Azərbaycanda üçüncü dəfə təşkil olunan və artıq ənənə halını almış bu tədbir şəhərsalma sahəsində milli, regional və beynəlxalq tərəfdaşları bir araya gətirərək təcrübə mübadiləsi aparmaq, yeni təşəbbüslər formalaşdırmaq və əməkdaşlığı gücləndirmək üçün mühüm platforma rolunu oynayır.

BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində keçirilən Milli Şəhərsalma Forumları Azərbaycanın bu sahədə beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığının növbəti parlaq təzahürüdür. Builki Forumda 60-dan çox ölkədən 200-dən artıq xarici qonağın, ümumilikdə 400-ə yaxın nümayəndənin iştirakı həm ölkəmizə olan etimadın və dostluğun, həm də şəhərsalma istiqamətində ortaq məqsədlər naminə həmrəyliyimizin göstəricisidir.

Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir. Ölkədə şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlılığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını və icra imkanlarını nümayiş etdirir.

Ötən otuz il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində şəhər və kəndlər tamamilə viran edilmiş, tarixi-mədəni irsimiz dağıdılmış, torpaqlar geniş miqyasda mina çirklənməsinə məruz qalmış, bir milyondan artıq azərbaycanlı öz yurd-yuvasından didərgin salınmışdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər sayəsində həmin ərazilərin işğaldan azad edilməsi ölkəmiz üçün bərpa, yenidənqurma və dirçəliş dövrünün əsasını qoydu.

Bu gün Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin Baş planları artıq təsdiqlənib. İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə və 20 kəndə insanlar geri qayıdaraq məskunlaşıb.

Müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Burada son dörd il ərzində 3 yeni beynəlxalq hava limanı, avtomobil və magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji infrastrukturunun yenidən qurulmasına və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. “Yaşıl enerji" zonası elan edilmiş və 10 min meqavat yaşıl enerji üzrə texniki potensiala malik Qarabağ və Şərqi Zəngəzurda Günəş və külək enerjisi layihələri sürətlə həyata keçirilir. Burada “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Regionda iqtisadi inkişafın və məşğulluğun təmin edilməsi məqsədilə sənaye parkları, iqtisadi zonalar yaradılır. Bütün bunlar yerli istehsal imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin açılması ilə yaşayış məntəqələrinin dayanıqlı inkişafına töhfə verir. Eyni zamanda salınan yeni yol infrastrukturu sayəsində Qarabağ və Şərqi Zəngəzurun Bakı və ölkənin digər əraziləri ilə birbaşa əlaqələndirilməsi bu regionların sürətli iqtisadi və sosial inkişafına xidmət edir. Bu gün “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 60 minə yaxın insan bu ərazilərdə yaşayır, işləyir və təhsil alır.

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun Xankəndi şəhərində keçirilməsi xüsusi məna daşıyır. Uzun illər işğal altında qalmış bu şəhər bu gün sülhün, bərpanın və dirçəlişin rəmzidir. Xankəndidə icra olunan infrastruktur layihələri şəhərin müasir, ağıllı və innovativ şəhər konsepsiyasına uyğun inkişafını təmin edir.

Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır və şəhərlərin dayanıqlı inkişafına xidmət edir.

Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma sahəsində qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-nin Məskunlaşma Proqramı ilə birgə həyata keçirilən təşəbbüslər xüsusi önəm daşıyır.

2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. Bu mötəbər tədbir Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcəkdir.

Bugünkü Forum 13-cü Ümumdünya Şəhərsalma Forumuna gedən yolda mühüm mərhələdir. Əminəm ki, burada aparılan müzakirələr şəhərlərin planlaşdırılması, bərpası və davamlı inkişafı sahəsində strateji təşəbbüslərin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcək, gələcək nəsillər üçün daha yaşıl, inklüziv və firavan yaşayış mühitinin formalaşdırılmasına xidmət edəcəkdir.

Bir daha hamınızı Azərbaycanda salamlayır, Forumun işinə uğurlar diləyirəm.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 oktyabr 2025-ci il

 

Sonra çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru xanım Anaklaudiya Rossbax III Azərbaycan Milli Şəhərsalma Forumunun qlobal şəhərsalma gündəliyinin həyata keçirilməsi və dayanıqlı şəhərlərin qurulması istiqamətində mühüm çoxtərəfli əməkdaşlıq fürsəti olduğunu, təkcə Azərbaycan üçün deyil, bütün region və dünya üçün mühüm əhəmiyyət daşıdığını bildirib. İcraçı direktor, həmçinin 2026-cı ildə ölkəmizin ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına hazırlıq proseslərində Azərbaycan hökumətinin fəaliyyətindən və dəstəyindən razılığını ifadə edib.

 

 

“Qlobal enerji istehlakının 75 faizdən, istixana qazı emissiyalarının 70 faizdən çoxu şəhərlərdə formalaşır. Bununla belə, iqlim dəyişikliyinin təsirləri də ən çox şəhərlərdə hiss olunur – temperaturun artmasından və dəniz səviyyəsinin yüksəlməsindən tutmuş daşqınlara və su qıtlığına qədər. Buna baxmayaraq, şəhərlərin ehtiyacları daxili və qlobal iqlim maliyyələşməsində kifayət qədər təmsil olunmur. Biz təkcə yumşaldıcı tədbirlərdə geridə qalmırıq, həm də ən çox ehtiyac duyulan yerlərdə davamlılığa az investisiya qoyuruq. Şəhər artımının sürətini nəzərə alsaq, bu, xüsusilə narahatedicidir”, - deyən UN-Habitat-ın icraçı direktoru Anaklaudiya Rossbaxın sözlərinə görə, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. “Şəhər davamlılığını təmin etmək üçün atdığımız addımlar bizi yüksək emissiyalı gələcəyə kilidləyəcək, yoxsa inklüziv, aşağı karbonlu şəhər inkişafı yolunu açacaq - III Azərbaycan Milli Şəhərsalma Forumu kimi tədbirlər məhz bu məqsədə xidmət edir. Anaklaudiya Rossbax bildirib ki, 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası öhdəlikləri yeniləmək, irəliləyişi izləmək və tərəfdaşlıqları kataliz etmək üçün qlobal yoxlama məkanı olacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxışında 64 ölkədən 400-ə yaxın iştirakçının qatıldığı Milli Şəhərsalma Forumunun dayanıqlı şəhər inkişafı sahəsində təcrübə mübadiləsi üçün geniş imkanlar yaratdığını və Azərbaycanın urbanizasiya siyasətini beynəlxalq standartlara uyğunlaşdırmaq təşəbbüsü baxımından əhəmiyyətini vurğulayıb.

Bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində Bakıdan Qarabağadək, ölkənin bütün bölgələrinə qədər genişmiqyaslı şəhərsalma transformasiyası həyata keçirir. Bu transformasiya Azərbaycanın dayanıqlı inkişaf, innovativ şəhərsalma və inklüziv böyüməyə olan sadiqliyini əks etdirir.

 

 

Onun sözlərinə görə, Azərbaycanda keçirilən Milli Şəhərsalma forumları dialoq, əməkdaşlıq və təcrübə mübadiləsi üçün mühüm platforma kimi çıxış edir. 2022-ci ildəki ilk forum hökumət nümayəndələri, ekspertlər və beynəlxalq tərəfdaşları bir araya gətirərək, milli şəhərsalma çərçivəsini formalaşdırmağa imkan verdi. Bu təməlin üzərində, 2023-cü ildə keçirilən ikinci forum əməkdaşlıq mühitini daha da gücləndirib və innovasiyaların təşviq edilməsi ilə yanaşı, Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluğu təmin edib.

Son üç il ərzində Milli Şəhərsalma Forumu sadəcə adi tədbir deyil, davamlı şəhərsalma sahəsində dialoq, əməkdaşlıq və ortaq irəliləyiş üçün institusional bir platformaya çevrilib.

Çıxışlarla davam edən forumda BMT-nin Məskunlaşma Proqramı Assambleyasının prezidenti, Malayziyanın Mənzil tikintisi və yerli özünüidarəetmə naziri Nqa Kor Minqin tədbir iştirakçılarına video müraciəti təqdim olunub.

Forum panel müzakirə ilə davam edib.

Foruma oktyabrın 17-də Bakıda yekun vurulacaq.

III Azərbaycan Milli Şəhərsalma Forumu öz işini başa vurub

Bu gün III Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) öz işini başa çatdırdı. Forum Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən birgə təşkil olunub və “İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunu əhatə edib.

Bu il Forum iki şəhərdə - Xankəndi və Bakıda keçirilib. Onlayn və oflayn 1500-ə yaxın iştirakçı, o cümlədən 65 ölkədən 200-dən artıq nümayəndəni bir araya gətirən tədbirdə hökumət nümayəndələri, qardaşlaşmış şəhərlər, səfirlik və diplomatik nümayəndəliklər, akademik institutlar və beynəlxalq təşkilatlar, özəl sektorlar, vətəndaş cəmiyyətlərinin nümayəndələri və ekspertlər iştirak ediblər. Forumun ümumi onlayn izlənmə sayı 1400-ə yaxın olub.

Tədbir çərçivəsində 10 panel sessiya təşkil edilib. Sessiyalar zamanı dayanıqlı şəhərsalma, iqlim dəyişmələrinə uyğunlaşma, inklüziv inkişaf və şəhərlərin bərpası kimi aktual məsələlər müzakirə olunub. İştirakçılar mənzil təminatı, maliyyə və innovasiya mexanizmləri, ərazi planlaşdırılması, rəqəmsallaşma, mədəni irsin qorunması və sağlam şəhər icmaları sahələrində qabaqcıl təcrübələri bölüşüblər.

Həmçinin Azərbaycanda post-münaqişə bərpası modelinə xüsusi diqqət yetirilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri “Building Back Better” (“Daha yaxşı bərpa”) prinsiplərinə əsaslanaraq təhlükəsiz, dayanıqlı və yaşayış üçün əlverişli şəhər mühitinin formalaşdırılmasına yönəlib.

Azərbaycan Gənclər Təşkilatları Milli Şurası (NAYORA) ilə birgə “Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” mövzusu altında keçirilən tədbirdə gənclər dayanıqlı şəhərlərin gələcəyi, innovativ yanaşmalar və gənclərin bu prosesdə fəal iştirakı barədə fikir mübadiləsi aparıb.

Ayrıca bir sessiya mənzil məsələsinə həsr olunub. Bu mövzu 2026-cı ildə “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” devizi altında Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas konsepsiyası ilə səsləşir.

Bağlanış tədbirində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev çıxış edərək bildirib ki, NUFA3 şəhərlərin gələcəyi ilə bağlı milli, regional və qlobal dialoqun gücləndirilməsində mühüm mərhələ oldu və Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna hazırlıq istiqamətində əməkdaşlıqda yeni səhifə açıb.

Çıxışının sonunda Anar Quliyev forumun ruhunu və məqsədini əks etdirən simvolik mesajla iştirakçılara müraciət edib: “Birlikdə elə bir gələcək qura bilərik ki, hər şəhər iqlim çağırışlarına davamlı, hər icma sağlam, hər bir insan isə bu şəhər hekayəsinin ayrılmaz hissəsi olsun”.