Azərbaycan

WUF13 Azərbaycan

Azərbaycan memarlığında Heydər Əliyev imzası

 

 

Müstəqil Azərbaycanın iqtisadi tənəzzüldən çıxarılması, böhranların effektiv idarə olunması, eləcə də ölkəmizin dünya siyasətinə inteqrasiyası məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Yaşadığı dövrün çətinliklərinə baxmayaraq, çağırışlara adekvat cavab vermək və ictimaiyyətlə effektiv ünsiyyət qurmaq bacarığı onu güclü lider kimi səciyyələndirir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafını prioritet hesab edirdi. Davamlılıq, funksional təşkilatlanma və dəyişən şəraitə uyğunlaşmaq bacarığı onun idarəçilik fəlsəfəsinin əsas xüsusiyyətləridir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

O bildirib ki, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın memarlıq üslubunun qorunmasına böyük həssaslıqla yanaşıb. Azərbaycanın müasir şəhərsalma tarixində Heydər Əliyev dövrü xüsusi mərhələdir. Onun rəhbərliyi illərində həyata keçirilən quruculuq işləri həm Bakının, həm də regionların simasını əsaslı şəkildə dəyişdirdi.

Sovet dövründə başlanılan şəhərsalma siyasəti çərçivəsində yeni yaşayış massivləri salındı və müasir infrastrukturun təməli qoyuldu. Paytaxtda inşa edilən Respublika Sarayı və Gülüstan Sarayı kimi memarlıq nümunələri dövrün estetik baxışını əks etdirən mühüm mədəniyyət ocaqları oldu. Eyni zamanda, Bakı Metropoliteni şəbəkəsinin genişləndirilməsi şəhər həyatının dinamikliyini artırdı.

 

Müstəqillik illərində bu siyasət daha da dərinləşdirildi. Bakı Bulvarı yenidən quruldu, Şəhidlər xiyabanı və Fəxri xiyaban kimi ərazilər abadlaşdırılaraq milli yaddaşın simvolları kimi formalaşdırıldı. Ümumiləşdirərək demək olar ki, Heydər Əliyevin təşəbbüsü ilə 1969-cu ildən başlayaraq şəhərsalma sahəsində sistemli islahatlar həyata keçirildi. Həmin dövrdə Bakının Baş planı yenidən işlənildi, geniş prospekt və yolların çəkilməsi bilavasitə onun adı ilə bağlandı. Sovet ideologiyasının məhdudiyyətlərinə baxmayaraq, milli ornamentlərin memarlıq nümunələrinə daxil edilməsi cəsarətli və uzaqgörən bir addım idi.

"İstər paytaxt Bakının, istərsə də regionların inkişafı Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu gün yeni reallığımız Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Bölgə yeni inkişaf mərhələsinə qədəm qoyur, müasir “Ağıllı” yaşayış məntəqələri qurulur. Hazırda bu ərazilər sürətlə dirçəlir və beynəlxalq diqqət mərkəzindədir. Bakı şəhərinin bu il Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməsi bunun bariz nümunəsidir.

Dünya Şəhərsalma Forumu Cənubi Qafqazda keçiriləcək ən böyük tədbirlərdən biri olacaq. Mühüm məqamlardan biri odur ki, tədbirə qədər Böyük Qayıdış Proqramı çərçivəsində on minlərlə keçmiş məcburi köçkünün doğma yurdlarına qayıtması planlaşdırılır. Bu, dayanıqlı inkişaf məqsədlərinə və sülhə mühüm töhfədir. Azərbaycan bütün bu işləri öz daxili resursları hesabına həyata keçirir.

WUF 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən sürətli şəhərləşmə problemlərini araşdırmaq məqsədilə yaradılıb. İlk forum 2002-ci ildə Nayrobidə keçirilib. Sayca 13-cü olan forumun Bakıda keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycan yerli prioritetləri qlobal səylərlə uzlaşdırmağın unikal modelini ortaya qoyur",- deyə A.Badamov vurğulayıb.

 

AZƏRTAC

2026, 4 may