WUF13-də beynəlxalq maliyyə institutları tərəfindən dəstəklənən mənzil layihələri üzrə konkret təcrübələr təhlil edilib
Mayın 20-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Qlobal Mənzil Maliyyələşməsindən Yerli Əlçatan Mənzil Tədbirlərinə: Qlobal İnkişaf və Submilli Maliyyənin Səmərəli İstifadəsi” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə beynəlxalq maliyyə institutlarının və BMT sisteminin illik həcmi 4 trilyon ABŞ dollarından çox qiymətləndirilən qlobal mənzil investisiya çatışmazlığının aradan qaldırılması üçün əməkdaşlığı necə gücləndirə biləcəyi və qlobal inkişaf maliyyəsinin şəhər və icma səviyyəsində real, əlçatan mənzil nəticələrinə necə çevrilə biləcəyi müzakirə olunub.
Tədbirin açılışında mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, BMT-nin Meksikadakı rezident-koordinatoru Alleqra Mariya, Dayanıqlı Şəhərlər üzrə “Mission Bouygues International” təşkilatının prezidenti Yves-Laurent Sapoval, Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeriya Levkov, Asiya İnkişaf Bankının (AİB) Su və Şəhər İnkişafı Sektoru Ofisinin baş direktoru Noriyo Sayito çıxış ediblər.
Dünya Bankı Qrupu və UN-Habitat tərəfindən WUF13 çərçivəsində təşkil olunan bu tədbir böyük çoxtərəfli və regional inkişaf banklarının, BMT agentliklərinin və submilli maliyyə üzrə ekspertlərin yüksəksəviyyəli nümayəndələrini bir araya gətirərək, mənzil təminatının genişləndirilməsi istiqamətində praktiki və əməli fəaliyyət gündəliyini irəli aparmağı hədəfləyib.
Tədbirdə beynəlxalq maliyyə institutları tərəfindən dəstəklənən mənzil layihələri üzrə konkret təcrübələr təhlil edilib. Xüsusilə qeyri-rəsmi yaşayış məntəqələrinin yenilənməsi, münaqişədənsonrakı bərpa işləri və güclü yerli icra komponentlərinə malik milli proqramlara diqqət yetirilib. Həmçinin layihələrin hazırlanması, dizaynı, icrası və monitorinqi mərhələləri boyunca hansı maliyyə alətlərinin, icra modellərinin və institusional yanaşmaların effektiv olduğu, eləcə də hansı əsas maneələrin qaldığı araşdırılıb.
Gələcəyə yönəlmiş ikinci paneldə şəhərlərin inkişaf maliyyəsinə çıxış və onu effektiv mənimsəmək baxımından daha hazırlıqlı olması məsələsi müzakirə edilib. Buraya bələdiyyələrin kredit qabiliyyətinin gücləndirilməsi, maliyyələşdiriləbilən layihə portfellərinin hazırlanması və maliyyə alətlərinin mərhələli və icma əsaslı mənzil təminatı reallıqları ilə uyğunlaşdırılması daxildir.
Müxbir - Günel Türksoy
AZƏRTAC
2026, 20 may

