Azərbaycan

WUF13 Azərbaycan

WUF13-də OECD-nin “Local Data Portal” platformasının yeni versiyası təqdim ediləcək - Açıqlama

 

 

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən dayanıqlı şəhər inkişafı, iqlim dayanıqlılığı, mənzil siyasəti və məlumatəsaslı şəhər idarəçiliyinə həsr olunmuş bir sıra tədbirlər təşkil ediləcək. OECD proqramı mayın 19-da “Şəhər sərgisi” çərçivəsində “Biznes və İnnovasiya Mərkəzi” məkanında keçiriləcək “Məlumatdan tətbiqə: Şəhərlərin və investorların praktik şəhər məlumatları ilə gücləndirilməsi” adlı sessiya ilə başlayacaq. Sessiyada şəhər məlumatlarının daha səmərəli investisiya qərarlarının qəbulunda və yerli idarəetmənin effektivliyinin artırılmasında rolu müzakirə olunacaq.

Bu barədə AZƏRTAC-a açıqlamasında gənc azərbaycanlı alim Sona Quliyeva məlumat verib.

Onun sözlərinə görə, tədbirlər beynəlxalq ekspertləri, siyasətçiləri, tədqiqatçıları və yerli tərəfdaşları bir araya gətirəcək.

“Tədbirin əsas məqamlarından biri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Yerli məlumat portalı” platformasının yenilənmiş versiyasının təqdimatı olacaq. Sessiyada Azərbaycanın “AZGREEN mühəndislik və ətraf mühit xidmətləri” şirkətinin də iştirakı nəzərdə tutulur. Mayın 20-də isə OECD tərəfindən “Təbiətə uyğun şəhərlərin qurulması: Mənzil, dayanıqlılıq və davamlı şəhər gələcəyi” adlı sessiya keçiriləcək. Tədbirdə dayanıqlı mənzil siyasəti, iqlim dayanıqlılığı və təbiətə uyğun şəhər inkişafı ilə bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının yeni hesabatı təqdim olunacaq”, - deyə Sona Quliyeva bildirib.

Sona Quliyeva qeyd edib ki, həmçinin mayın 20-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” ilə tərəfdaşlıq çərçivəsində “Şəhərlərin daha keyfiyyətli məlumatlarla gücləndirilməsi – siyasət və qərar qəbulu üçün əlçatan və praktik məlumatlar” adlı tədbir də təşkil ediləcək. Sessiyada əlçatan və etibarlı məlumatların, rəqəmsal innovasiyaların və geoməkan texnologiyalarının “ağıllı” və dayanıqlı şəhər idarəçiliyində rolu müzakirə ediləcək.

Bundan başqa, “Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üzrə qlobal qiymətləndirmə – davamlı şəhərlər üçün iqlim və mənzil əlaqəsi” adlı sessiyada iqlim fəaliyyəti, mənzil siyasəti və Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması arasındakı əlaqələrə dair fikir mübadiləsi aparılacaq.

Sona Quliyeva qeyd edib ki, bu müzakirələr beynəlxalq dialoqun gücləndirilməsi, təcrübə və fikir mübadiləsinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, WUF13 Bakının dayanıqlı şəhər inkişafı və innovasiya sahəsində qlobal əməkdaşlıq platforması kimi rolunu daha da möhkəmləndirir.

Qeyd edək ki, WUF13 üçün qeydiyyat rəsmi platforma vasitəsilə davam edir.

 

Müxbir – Pərvanə Qafarova

 

AZƏRTAC

2026, 14 may