Azərbaycan

WUF13 Azərbaycan

WUF 13 Azərbaycanın qlobal liderlik rolunu daha da gücləndirəcək

 

 

Pərvanə Vəliyeva,

Milli Məclisin deputatı

 

2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi Azərbaycanın milli inkişaf strategiyasının, qlobal məsuliyyətinin və gələcəyə yönəlmiş baxışının ifadəsidir. Ölkəmiz artıq qlobal urbanizasiya gündəliyinin formalaşmasında fəal iştirakçı və etibarlı tərəfdaş kimi çıxış edir. Tarixi irsə söykənən və müasir çağırışlara cavab verən memarlıq təcrübəsi göstərir ki, Azərbaycan üçün şəhərsalma, sadəcə, məkan quruculuğu deyil, həm də tarixi yaşadan, milli kimliyi təcəssüm etdirən mədəni yaddaşın ifadəsidir.

 

Xalqımızın yaratdığı irs nümunələrini, zəngin tariximizi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyev hər zaman bir məqamı vurğulayırdı ki, xalqın mədəni irsi, eləcə də mənəvi dəyərlərimiz milli-siyasi varlığımızın əsasını təşkil edir. O deyirdi: “Biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşıbsa da, dayanmayıb, inkişaf edib”.

Bu gün Azərbaycan Xalqının 4 mədəni irs nümunəsi - Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçərişəhər, Qobustan qaya sənəti mədəni landşaftı və Şəki Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya irs Siyahısına daxil edilib. Bununla yanaşı, bədii-memarlıq həllinin kamilliyi, tarixi dərinliyi və mədəni-estetik dəyəri baxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri - Xudafərin körpüsü, Şərq memarlıq ənənələrinin nadir nümunəsi olan “Atəşgah” kompleksi, Naxçıvandaki Möminə Xatun türbəsi və digər bu kimi misilsiz abidələr Azərbaycanın zəngin memarlıq irsinin simvoluna çevrilmişdir. Bu abidələr keçmişlə bu günü, milli-mədəni yaddaşla müasir inkişafı üzvi şəkildə birləşdirir, tariximizin fəlsəfəsini aydın nümayiş etdirir.

Təəssüf ki, Ermənistan tərəfindən ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı nəticəsində maddi və mədəni irsimizə qarşı çoxsaylı vandalizm aktları törədilmiş, abidələrimiz məqsədli şəkildə dağıdılmış, dəyərli milli-mədəni nüminələrimizin əksəriyyəti yer üzündən silinmişdir. Sevindirici hal isə odur ki, bu gün 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə innovativ yanaşmaların tətbiqi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalma sahəsinə strateji, müfəssəl və gələcəyə hesablanmış baxışını aydın şəkildə nümayiş etdirir.

Xalqımızın mədəniyyət beşiyi olan Qarabağ, füsünkar və əzəmətli Şuşa artıq tarixi sahiblərinə qovuşmuşdur. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında Böyük Qayıdış proqramı çərçivəsində bu ərazilərin yalnız fiziki olaraq bərpası deyil, eyni zamanda, müasir və yaşayış üçün dayanıqlı məkanlara çevrilməsi əsas prioritet kimi müəyyən edilib. Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri dünya miqyasında unikal dəyərləndirilir. 2020-2025-ci illər ərzində dünya memarlıq və inşaat təcrübəsinə töhfə verən, olduqca qisa bir zaman kəsiyində 100-dən artıq yaşayış məntəqəsi üzrə, o cümlədən 12 şəhəri əhatə edən baş planlar və digər planlaşdırma sənədləri hazırlanmış, müasir şəhərsalma standartlarına uyğun quruculuq işlərinə ardicil şəkildə başlanılmışdır.

Məhz bu strateji baxışın məntiqli davamıdır ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq ili” elan edilmişdir. Bu qərar Azərbaycanın daxili inkişaf prioritetlərini, eyni zamanda, qlobal məsuliyyətini və beynəlxalq hədəflərini əks etdirir. Bu, həm də dövlətin “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər” strategiyasının urbanizasiya, ekoloji təhlükəsizlik və davamlı inkişaf hədəflərinə uyğundur.

Ölkəmiz iqlim dəyişmələri, dekolonizasiya, bərabərsizliklərlə mübarizə, dayanıqlılıq kimi qlobal çağırışları beynəlxalq platformalarda uğurla gündəmə gətirir. Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edərək Qlobal Cənubun ehtiyaclarıni beynəlxalq səviyyədə fəal şəkildə səsləndirib, qurumun inkişafına mühüm töhfə verib. 2024-cü ildə təxminən 200 ölkə tərəfindən Azərbaycanın COP29-a ev sahibliyinin yekdilliklə dəstəkləməsi nəticəsində ölkəmiz bu tədbirə də uğurlu təşkilatçılığı ilə iqlim diplomatiyasında unudulmaz tarix yazdı.

Bu il Azərbaycan BMT-nin daha bir mötəbər tədbiri olan “Ümumdünya Şəhərsalma Forumu”nun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edəcək. Belə beynəlxalq nüfuzlu tədbirlərin ölkəmizdə keçirilməsi, təbii ki, Azərbaycanın xarici siyasətdə artan imicinə əlavə dividentlər qazandırmaqla yanaşı, diplomatik əlaqələrin yeni formatda inkişafına təkan verir, beynəlxalq platformalarda mövqeyimizi daha da gücləndirir və qlobal proseslərdə yaxından iştirak etmək üçün yeni imkanlar açır.

Hökumətimizin şəhərsalma strategiyası postmünaqişə dövründə Qarabağ və Şərqi Zəngəzur regionlarında yeni mərhələyə qədəm qoyub. 2030-cu ilə qədər bu ərazilərin dünyanın ilk xalis sıfır karbon emissiyalı zonaları sırasında yer alması, artıq uğurlu təşəkkülünü tapmış “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının daha geniş tətbiqi nəzərdə tutulur. İndiyə qədər işğaldan azad edilmiş ərazilərimizdə 3 milli şəhərsalma forumu keçirilmişdir. İlk forum 2022-ci ildə Prezident İlham Əliyevin “Qafqazın Xirosiması” adlandırdığı Ağdamda baş tutdu. O vaxt orada şəhər infrastrukturu tam mövcud olmasa da, belə bir tədbirin təşkili son dərəcə əhəmiyyətli simvolik məna daşıyırdı.

Hazırda Azərbaycanın genişmiqyaslı şəhər transformasiyası təkcə bu regionlarla məhdudlaşmir. Ölkə boyu yeni nəqliyyat və infrastruktur layihələri, ekoloji parkların yaradılması, mikromobilliyin təşviqi və sosial yönümlü yaşayış komplekslərinin inkişafı bu xəttin tərkib hissəsidir. Buraya müasir Azərbaycanın inkişaf rəmzinə çevrilmiş Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” kimi modern üslublu, unikal memarlıq nümunələrinin, eləcə də müasir urbanizasiya konsepsiyasını özündə əks etdirən “Ağ Şəhər” kompleksinin əlavə edilməsi ilə paytaxt Bakının memarlıq görünüşü daha da zənginləşmişdir.

Dövlətimizin gördüyü və görəcəyi təşəbbüslər WUF13 çərçivəsində dünyaya təqdim ediləcək. Forum tarixində ilk dəfə olaraq Liderlər Sammiti keçiriləcək. BMT-yə üzv dövlətlərin ölkə və hökumət başçıları bu zirvə görüşündə qlobal yaşayış yeri problemləri və dayanıqlı şəhər inkişafı üzrə fikir mübadiləsi aparacaqlar. Bu isə Azərbaycanın dayanıqlı şəhərsalma məsələlərini daha yüksək platformalara daşıdığını göstərir.

Bu prosesdə parlamentlərin rolu xüsusi əhəmiyyət kəsb edir. Məhz qanunvericilik orqanları dayanıqlı şəhərsalma və memarlıq siyasətinin hüquqi əsaslarını formalaşdırır, urbanizasiya, yaşayış yeri siyasəti, torpaq idarəçiliyi, ekoloji təhlükəsizlik və sosial inklüzivlik sahələrində strateji qərarların qəbulunu təmin edirlər. Parlamentlər beynəlxalq öhdəliklərin milli qanunvericiliyə inteqrasiyasında, “Yeni Şəhərsalma Gündəliyi” və Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında mühüm körpü rolu oynayirlar. Eyni zamanda, parlament diplomatiyası vasitəsilə ölkələr arasında təcrübə mübadiləsi gücləndirilir, qlobal şəhər çağırışlarına kollektiv cavabların formalaşdırılmasına töhfə verilir.

Ümumdünya şəhərsalma forumlarının əsas iştirakçıları BMT-yə üzv dövlətlərin nümayəndə heyətləri, özəl sektor, parlamentarilər, tədqiqat institutları, analitik mərkəzlər, vətəndaş cəmiyyəti təmsilçiləridir. Bakı Forumunun əsas məqsədləri qlobal yaşayış yeri çağırışlarının aradan qaldırılması üçün praktik həllər və qabaqcıl təcrübələri təqdim etmək, siyasi və maliyyə öhdəliklərini artırmaq, həmçinin “Bakı Çağırışı” vasitəsilə WUF13 gündəliyi üzrə konkret nəticələrə nail olmaqdır. İştirakçılar dünyanın müxtəlif ölkələrindən şəhər idarəçiləri, siyasətçilər və innovatorlarla görüşərək əlaqələrini genişləndirmək və yeni münasibətlər qurmaq imkanı əldə edəcəklər.

Bir daha əminliklə bildirirəm ki, WUF13-ə ev sahibliyi etmək ölkəmizə bir sıra üstünlüklər qazandıracaq. İlk növbədə, bu, Azərbaycanın dayanıqlılıq üzrə qlobal liderlik rolunu daha da gücləndirəcək. Minlərlə iştirakçı ölkəmizə gələcək ki, bu da turizmin və biznesin canlanmasına xüsusi töhfə olacaq. Öz növbəsində bu tədbir həm də Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərini, eləcə də Azərbaycanın digər şəhərsalma nailiyyətlərini nümayiş etdirmək üçün yaxşı imkandır. Şəhərsalma, iqlimə uyğunlaşma, yaşayış yeri siyasəti və “ağıllı şəhər” həlləri sahələrində yeni tərəfdaşlıqlar, investisiya imkanları və beynəlxalq əməkdaşlıq üçün geniş platforma formalaşacaq.

Azərbaycan Prezidentinin sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin gələcək inkişaf yolunun ideoloji və strateji xəritəsidir. Bu il çərçivəsində həyata keçiriləcək tədbirlər şəhərlərin təhlükəsiz, inklüziv və ekoloji dayanıqlı məkanlara çevrilməsinə xidmət edəcək, memarlığın milli kimliyin daşıyıcısı və sosial rifahın təminatçısı kimi rolunu daha da gücləndirəcəkdir.

 

Milli Məclis. - 2026. -№ 1. -S.72-75.