Özbəkistanlı memar: WUF13 Mərkəzi Asiya şəhərləri üçün dəyərli bir qapı rolunu oynayır
Azərbaycan coğrafi və mədəni baxımdan Mərkəzi Asiyaya çox yaxındır. Bölgələrimiz tarixi bağları, dil oxşarlıqları ilə birləşir və bir çox hallarda viza maneələrinin olmaması təbii olaraq ünsiyyət və əməkdaşlığı asanlaşdırır. Bakıda Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi Mərkəzi Asiya mütəxəssisləri üçün həm yaxın, həm də əlçatan olan qlobal platformaya çıxış baxımından mühüm imkan yaradır. Forum memarlıq, şəhərsalma və dayanıqlı inkişaf sahələrində aparıcı mütəxəssisləri bir araya gətirdiyindən, Mərkəzi Asiya şəhərləri üçün beynəlxalq peşəkar icmaya açılan dəyərli bir qapı rolunu oynayır. Bu isə şəbəkələrimizi genişləndirməyə, bilik mübadiləsi aparmağa və yeni əməkdaşlıqlar qurmağa imkan verir.
Bunu AZƏRTAC-a açıqlamasında Özbəkistan Gənc Memarlar Assosiasiyasının rəhbəri, TATALAB memarlıq studiyasının təsisçisi Təxminə Turdialieva deyib.
O bildirib ki, son onilliklər ərzində Mərkəzi Asiya şəhərləri sürətli urbanizasiya prosesi keçib ki, bu da genişlənmənin idarəolunması, infrastrukturun müasirləşdirilməsi və yeni rayonların mövcud şəhər mühitinə inteqrasiyası üçün praktik strategiyaların hazırlanmasını tələb edir: “Bu cür irimiqyaslı şəhər transformasiyasının idarəolunması təcrübəsi bir çox inkişaf edən şəhərlər üçün dəyərli nəticələr təqdim edir. Digər mühüm məqam isə postsovet şəhər mühitlərinin davam edən transformasiyasıdır. Region üzrə şəhərlər sovet dövründən qalan rayonları yenidən düşünür, ictimai məkanları yeniləyir və mövcud infrastrukturu müasir şəhər tələblərinə uyğunlaşdırır. Həm Azərbaycan, həm də Mərkəzi Asiya zəngin tarixi şəhər mühitinə malikdir və tarixi binaların diqqətlə bərpası onların müasir şəhər həyatına inteqrasiyasında mühüm rol oynayır. İrsin qorunması və bufer zonalar şəhərlərə tarixi məhəllələri saxlamaqla yanaşı, uyğun yerlərdə müasir inkişafı da təmin etməyə imkan verir. Eyni zamanda, müasir memarlıq şəhərin miqyasına və ümumi urbanistik kontekstinə hörmət etməlidir. Yerli icmaların prosesə cəlb olunması da vacibdir, çünki sakinlər çox vaxt öz məhəllələrinin mədəni kimliyini ən yaxşı anlayan tərəfdir”.
Müxbir-Günel Türksoy
AZƏRTAC
2026, 13 aprel
